Tərtərdə 2017-ci ilin mayında hərbçilərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən polkovnik-leytenant Saleh Qafarovun ölümünə görə ailəsi 1.5 milyon manat kompensasiya tələb edirdi. Ancaq məhkəmə cəmi 50 min manat təzminat kəsib.
Mərhum polkovnikin xanımı Natəvan Qafarova ailəsinə dəyən mənəvi ziyanın əvəzi olaraq 1 milyon manat, maddi ziyana görə də 497 min manat kompensasiya tələbi ilə iddia qaldırıb.
Həyat yoldaşı deyir ki, S.Qafarov 22 il orduda qüsursuz xidmət edib. Onu məzuniyyətdə olduğu vaxt – 2017-ci il mayın 4-də gecə saat 11 radələrində Qəbələdəki evindən polislər gəlib aparıb və 10 gün sonra meyiti ailəsinə verilib: "Hərbi prokurorluqda ekspertin çəkdiyi şəkilləri gördüm. Dırnaqları çəkilib, ağzı cırılıb, bud nahiyəsi deşik-deşik... 22 il xidmət edib, nə qədər fəxri fərmanı, təşəkkürnaməsi var. Bundan ötrü eləmişdi?".
"O sarsıntıları yaşayan bilməz"
N saylı hərbi hissənin tabor komandiri olmuş S.Qafarov ölsə də, haqqında Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və başqa maddələri əsasında cinayət işi başlanıb. Bir il sonra Hərbi Prokurorluq belə nəticəyə gəlib ki, "S.Qafarovun düşmənlə əməkdaşlıq etməsi təsdiqini tapmadı". Bu üzdən hərbi prokurorun müavini Şəfahət İmranovun qərarı ilə onun haqqındakı cinayət təqibinə də xitam verilib.
N.Qafarova vurğulayıb ki, həyat yoldaşı işgəncə ilə öldürülərkən, cəmi 40 yaşı vardı: "Onun işgəncəyə məruz qalması, öldürülməsi, "vətən xaini" adlandırılması mənə və övladlarımıza çox ağır zərbə idi. O sarsıntıları yaşamayan bilməz. Öldürüləndə onun cəmi 40 yaşı vardı, hələ uzun illər xidmət edə bilərdi, təqaüd yaşına çatardı, imkan vermədilər".
Sizin brauzer HTML5-i dəstəkləmir
Məhkəməyə cavabdeh qismində cəlb olunan Maliyyə Nazirliyinin nümayəndəsi Aynur Abbasova təzminatın onun təmsil etdiyi qurumdan tələb edilməsi ilə razılaşmır. O, məhkəməyə göndərdiyi etiraz məktubunda 2017-ci ilin mayında dövlətin dörd strukturunun Tərtər olayları ilə bağlı birgə bəyanat yaydığını yada salaraq həmin orqanların da məhkəməyə cəlb edilməsini istəyib: "Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti sözügedən cinayət işi ilə bağlı 2017-ci il 7 may tarixli bəyanat yaymışdı. Hesab edirik ki, adıçəkilən orqanların məhkəmə işinə cəlb olunması məqsədəmüvafiqdir".
Nəsimi rayon Məhkəməsinin hakimi Ceyhun Tağıyev N.Qafarovanın iddiasını qismən təmin edib və yalnız mənəvi ziyana görə 50 min manat kompensasiya ödənilməsi haqda qərar çıxarıb. Maddi zərərin ödənilməsi hissəsində isə iddianı heç təmin etməyib.
Nəsimi rayon Məhkəməsinin hakimi Ramin Xəlilov bir müddət öncə Tərtərdə işgəncə nəticəsində həyatını itirən hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovaya oğlunun ölümünə görə 10 min manat təzminat ödənilməsi haqda qərar çıxarıb.
Xatırlatma
2017-ci ilin mayında Tərtərdə əsgər və zabitlərə qarşı işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.
2021-ci ilin dekabrında – "Tərtər işi" üzrə yenidən istintaq başlanandan sonra toplam 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında həmin olaylar zamanı işgəncələrə məruz qalanların özləri ilə yanaşı, həyatını itirən şəxslərin hüquqi varisi qismində tanınan ailə üzvləri də var.
Tərtər işgəncələrinə görə cinayət məsuliyyətinə cəlb olunanlardan bütövlükdə üç qrup üzrə 13 nəfər hakim önünə çıxarılıb. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası kəsilib. Ancaq onlar özlərini təqsirli bilmir və yuxarı instansiya məhkəmələrinə şikayət veriblər.
Hökmdən narazı qalan zərərçəkən tərəf də verilən cəzanı çox yüngül sayır. Onların fikrincə, düzgün araşdırma aparılmadığından Tərtər olaylarının gerçək təşkilatçıları məsuliyyətdən kənarda saxlanılıblar.