Putin nüvə silahından istifadəni genişləndirən yeni doktrinanı imzalayıb

"Sarmat" qitələrarası ballistik raketinin buraxılması.

Noyabrın 19-da Vladimir Putin Rusiyanın nüvə doktrinasının yenilənməsi və genişlənməsi haqqında fərman imzalayıb. İndən belə nüvə silahı olmayan ölkə nüvə gücündən dəstək alıb Rusiyaya hücum etsə, rəsmi Moskva kütləvi qırğın silahından yararlana biləcək.

Kreml bu addımı Co Baydenin Ukraynaya uzaqmənzilli raketlərlə Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verəndən bir neçə gün sonra atıb. ABŞ istehsalı olan ATACMS raketləri 300 km-dək məsafədə hədəfləri vura bilər.

Yenilənmiş doktrinada qeyd edilib ki, Rusiya özünə qarşı dağıdıcı hücum və raketlərin sərhədini keçməsi barədə "güvənli" bilgilər alandan sonra nüvə silahından istifadə etmək imkanını gözdən keçirəcək.

Rəsmi Moskva nüvə silahına sahib olmayan ölkəyə nüvə silahı olanın iştirakı və ya dəstəyi ilə gerçəkləşən hücumu özünə qarşı ortaq hücum kimi dəyərləndirəcək. Bununla belə, bu təcavüzün, avtomatik olaraq, nüvə zərbəsinə gətirib çıxaracağı dəqiqləşdirilmir.

Doktrinada nüvə silahının cavab olaraq istifadə edilə biləcəyi dövlət və hərbi blokların siyahısı genişləndirilib. Üstəlik, nüvə silahından yararlanmaqla neytrallaşdırılacaq hərbi təhdidlərin siyahısı da qeyd edilib.

Putin nüvə doktrinasının yenidən gözdən keçirilməsini sentyabrın 25-də - Güvənlik Şurasının iclasında, Rusiya ərazisinin dərinliklərinə zərbələrin endirilməsi barədə müzakirələr fonunda elan edib.

"Rusiya… harada olsalar da, cavab zərbəsi endirə bilər"

Kremlin sözçüsü Dmitri Peskov doktrinanın yenilənməsinin "vaxtında" və "indiki duruma görə" gerçəkləşdirildiyini deyib.

Ağ evin rəsmi olaraq təsdiqləmədiyi qərarın Ukraynanın sözügedən zərbələrə dair razılıq almaq üçün bir neçə ay apardığı danışıqlardan sonra açıqlandığı bildirilir.

Böyük Britaniya və Fransa da Ukraynaya 250 km məsafədə hədəflərə zərbə endirə biləcək "Storm Shadow" raketləri verib. Ancaq indiyədək Kiyevə bu silahla Rusiya ərazisinin dərinliklərinə zərbə endirmək icazəsi verilməyib.

Almaniya kansleri Olaf Şolts bir daha bildirib ki, ölkəsi Ukraynaya 500 km məsafədə hədəfləri vura biləcək "Taurus" raketlərini göndərməyəcək.

Rusiya Güvənlik Şurası sədrinin müavini Dmitri Medvedev deyib ki, yeni nüvə doktrinası işə salınsa, Üçüncü Dünya savaşı qaçılmaz ola bilər: "Ölkəmizə atılan NATO raketlərini blokun Rusiyaya hücumu kimi qəbul etmək olar. Rusiya Kiyevə və NATO-nun əsas obyektlərinə, harada olsalar da, kütləvi qırğın silahı ilə cavab zərbəsi endirə bilər". Medvedev Telegram sosial şəbəkəsindəki paylaşımında həmin sözləri dilə gətirib.