Tbilisidə müxalifətçiləri saxlamağa başlayıblar

Tbilisi. 19 noyabr 2024

Gürcüstanda polis Tbilisi Dövlət Universiteti yaxınlığında salınmış çadır şəhərciyini dağıdıb və müxalifətçiləri saxlamağa başlayıb. AzadlıqRadiosunun gürcü xidməti polisin çox sərt davrandığını, xəsarət alanların olduğunu xəbər verir.

DİN əməkdaşları aksiya iştirakçılarının yolu bağlamasına mane olur.

Əraziyə xüsusi təyinatlılar və suvuran maşınlar gətirilib, ancaq, hələlik, onlardan istifadə olunmayıb.

Polis müxalifətçilərə xəbərdarlıq etmişdi ki, noyabrın 17-dən bəri bağlanmış yolu açsınlar. Yolun bir hissəsi çadırlardan, quraşdırılmış barrikadalardan təmizlənib.

Yeni parlament seçkiləri tələb edənlər noyabrın 17-də Tbilisi Dövlət Universiteti yaxınlığında 30-dək çadır qurublar. Onlara adyallar, kiçik xalçalar, isti çay paylanıb, biotualetlər gətizdirilib.

Müxalifət noyabrın 18-də axşam etiraz aksiyasının davam etdiyini bildirib.

Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin, rəsmi məlumata görə, hakim "Gürcü arzusu" udub. Müxalifət isə seçkinin nəticələrini tanımır, irimiqyaslı saxtakarlığın baş verdiyini bildirir.

18 noyabr

Gürcüstanda tələbələr seçkiləri qınayır, müxalifətsə itaətsizliyə çağırır

Gürcüstanın tələbə qrupları Rusiyayönümlü "Gürcü arzusu"nun qələbə qazandığı parlament seçkilərini qınayan çağırış imzalayıb. Hökumət əleyhinə qüvvələrsə növbəti 24 saat ərzində itaətsizlik kampaniyası keçirəcəklərini deyib.

Tələbələrin çağırışında deyilir ki, "hökumətin seçkiləri davamlı saxtalaşdırması "Gürcü arzusu"nun dövlət üzərində nəzarəti qamarlamağa qaba cəhdidir".

İştirakçılar "ölkənin azadlığı naminə" mübarizə aparmağa hazır olduqlarını bildiriblər: "Buz, Gürcüstan vətəndaşları olaraq, demokratik dəyərlərə və dövlət maraqlarına sadiq qalmaqda davam edirik".

"Öz səsini qaytar"

Çağırışda təhsil sistemində, özəlliklə universitetlərə tələbə qəbulunda baş verən ayrıseçkilik və müəllimlərin tətbiq etdiyi senzura halları da yer alıb.

Çağırışı 13 qrup və azı 13 gürcü universitetinin tələbələri imzalayıb.

Noyabrın 17-də etirazçılar Tbilisi Dövlət Universitetinin yaxınlığında 30-dək çadır quraşdırıblar. Ölkənin iki müxalifət partiyası – "Dəyişikliklər uğrunda Koalisiya" və "Vahid Milli Hərəkat" "Öz səsini qaytar" adlı etiraz aksiyası keçirəcəyini açıqlayıb. Hər iki partiya seçkilərdə 21 faiz səs toplayıb. Yeni seçkilərin keçirilməsini tələb edən müxalifət indən belə şəhərdə daha çox dirəniş ocağının yayılacağını bildirib.

Seçkilərdə qələbə qazanmış hakim "Gürcü arzusu"nun sədri İrakli Kobaxidze deyib ki, "xaricdən idarə olunan qüvvələrin əks-təsiri olsa da", noyabrın 25-də yeni seçilmiş parlamentin ilk iclası keçiriləcək. O, gec, ya tez, bütün müxalifətçilərin məğlubiyyətləri ilə barışacağını və yeni parlamentin işinə qatılacağını söyləyib.

Noyabrın 16-da ölkənin Mərkəzi Seçki Komissiyası bir neçə həftə sürən etirazlar və qanun pozuntularına, Rusiya müdaxiləsinə dair ittihamlara baxmayaraq, parlament seçkilərinin nəticələrini təsdiqləyib.

Gürcüstan müxalifətinin parlament binası qarşısında mitinqi.

14 noyabr

Gürcüstan müxalifəti yeni parlamenti tərk edib

Gürcüstanın Avropayönümlü müxalifəti deputat mandatından imtina edərək yeni parlamentin tərkibindən çıxıb. Oktyabrın 26-da keçirilən mübahisəli seçkinin sonuclarını tanımayan müxalifət genişmiqyaslı pozuntulara və seçkinin Rusiya müdaxiləsi fonunda aparıldığına diqqət çəkib.

İki əsas partiyanın – "Vahid Milli Hərəkat" və "Dəyişikliklər uğrunda Koalisiya"nın təmsilçiləri Mərkəzi Seçki Komissiyasına üz tutaraq partiya siyahılarının ləğv edilməsini istəyib.

"Burada olub, bu parlamenti legitimləşdirməklə hökumətə kömək etməyəcəyik!", - "Dəyişikliklər uğrunda Koalisiya"nın lideri Nina Qvaxariyanın sözləridir.

Buna cavab olaraq, hakim "Gürcü arzusu" bir sıra müxalifət partiyasının fəaliyyətini qanundankənar elan etdirmək üçün Konstitusiya Məhkəməsinə şikayət ünvanlayacağını bildirib. "Vahid Milli Hərəkat"ı vətənə xəyanətdə suçlayan "Gürcü arzusu" bundan ötrü yetərli sayda sübuta sahib olduğunu da deyib.

Olub-bitənlər ölkənin Avropayönümlü prezidenti Salome Zurabişvilinin seçki sonuclarının həqiqiliyini qəbul etməməsindən və yeni seçkilər keçirilməsinə çağırmasından sonraya təsadüf edir.

Rusiyaya yaxınlığı ilə seçilən, 12 ildir ölkəni yönəldən "Gürcü arzusu" qələbəsini elan edəndən bəri müxalifət hər gün paytaxt Tbilisidə etiraz aksiyaları keçirir.

"Biz onların cinayətlərinin şahidiyik. Bu üzdən, onlar bizdən qorxurlar. Onlarda heç nə alınmayacaq", - "Güclü Gürcüstan" partiyasının liderlərindən Anna Natsvişvili AzadlıqRadiosuna belə deyib.

Xatırlatma

Rəsmi bilgilərə görə, hakim "Gürcü arzusu" səslərin 54 faizini toplayıb. Müxalifətin iki ekzit-polu isə iqtidar partiyasının 42 faiz səs topladığını bildirib. Həmin sorğularda dörd müxalif partiyanın, açıq-aşkar, səslərin çoxluğunu qazandığı deyilsə də, Gürcüstan MSK-sı bütün müxalifət qüvvələrinin toplam 37 faiz səs topladığını bəyan edib.

ATƏT, Avropa Şurası, Avropa Parlamenti və NATO-nun birgə bəyanatında deyilir ki, "bərabər olmayan rəqabət ortamı, basqı və gərginlik seçkilərə kölgə salıb". Seçki günü səslərin satın alınmasına, eyni şəxsin təkrar bülleten atmasına, fiziki zorakılıq və hədə-qorxu hallarına rast gəlindiyinə də diqqət çəkilib.