Ermənistanın məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də hökumətin üç üzvü noyabrın 18-də istefaya gediblər.
Ermənistan mediasında yayılan bilgilərə görə, istefalar baş nazir Nikol Paşinyanın adıçəkilən qurum və şəxsləri kəskin tənqidə tutmasından sonra gerçəkləşib.
Noyabrın 18-də istefalarla bağlı xahişini təsdiqləyən Paşinyanın fikrincə, altı ildən çox hakimiyyətdə olduğu bir zaman dilimində məhkəmə və hüquq-mühafizə orqanları ölkədə ədalətin olmaması hissini aradan qaldıra bilməyib.
İstefaya gedənlər arasında Ali Məhkəmə Hüquq Şurasının (AMHŞ) sədri Karen Andreasyanın, İstintaq Komitəsinin başçısı Arqişti Karamyanın, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryanın, daxili işlər naziri Vaqe Kazaryanın, infrastruktur naziri Qnel Sanosyan ilə Dövlət Gəlirləri Komitəsinin sədri Rustam Badasyanın adları var.
Biabırçı böhran?
Vəzifədə olarkən Paşinyana məhkəmə hakimiyyətinin müstəqilliyini boğmağa kömək etdiyi iddia edilən AMHŞ sədri öz müdafiə çıxışında ölkənin məhkəmə sistemini "biabırçı" böhrandan çıxardığını deyib.
Paşinyan sabiq prezident Robert Koçaryan da daxil, keçmiş məmurların məhkəməyə çıxarılmasının ləngidilməsi ilə bağlı Andreasyana kəskin iradını bildirib.
Andreasyanın tənqidçilərinin fikrincə, AMHŞ sədri və daha iki nazirin vəzifədən uzaqlaşdırılması sözdə müstəqil sayılan məhkəmə orqanının, əslində, hökumətin nəzarətində olmasının daha bir sübutudur.
Paşinyanın güvəndiyi şəxslərdən biri - Karamyan istefa qərarını "hüquq mühafizə orqanlarının son davranışlarından qaynaqlanan durumu yenidən qiymətləndirməsi" ilə əlaqələndirib.
Paşinyan hüquq-mühafizə sahəsində elan edilən islahatların gözlənilən nəticələr gətirmədiyini desə də, uşaqlıq dostu Karamyan qurumunun "böyük" uğurlar qazandığını, özünün və tabeliyində olanların "dərin, hərtərəfli" islahatlar mərhələsi keçdiyini söyləyib.
Ermənistan mediası sözügedən istefaları baş nazirin azalan reytinqinə bağlayır. Paşinyan, beləcə, 2026-cı il və ya daha erkən keçiriləcək seçkilər öncəsində azalan populyarlığını yüksəltmək istəyir.