Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 04:28

WP 'COP utancı'ndan, Hikmət Hacıyev 'COP atəşkəsi'ndən yazır


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

"BMT illik iqlim konfransının hansı ölkədə keçirilməsinə qərar verəndə əsas kriteriyalar olaraq həmin ölkənin infrastrukturunu, iqlim öhdəliklərini, siyasi sabitliyini və maliyyə resurslarını nəzərə alır, demokratiya və insan haqlarını deyil. Görünür, belə bir tədbirin xeyir-duasını konkret bir rejimə verməklə özünə, iqlim diplomatlarına necə bir utanc gətirəcəyini düşünmür". Bunu "The Washington Post" qəzeti redaksiya məqaləsində yazır. Nəticədə isə dünyanın ən repressiv rejimlərindən, mədən yanacağı istehsalçılarından bəziləri öz imiclərini cilalamağa çalışırlar, - məqalədə deyilir.

Qəzet noyabrın 11-də Bakıda başlayacaq COP29 iqlim konfransının artıq üçüncü ildir diktaturada, ikinci ildir neft ölkəsində keçirildiyini yazır. Məqalədə Azərbaycanın "qəddar despot" prezident İlham Əliyev tərəfindən idarə olunduğu bildirilir. Bir qrup ABŞ konqresmeninin siyasi məhbus sayılan şəxslərin azad olunması çağırış ilə dövlət katibi Antoni Blinkenə müraciətindən, insan haqları təşkilatlarının hesabatlarından söz açılır, Azərbaycanda siyasi məhbus sayının 2021-ci ilin dekabrında 122, bu ilin iyununda isə azı 303 olduğu vurğulanır.

İqtisadçı Qubad İbadoğlunun, hüquq müdafiəçisi Anar Məmmədlinin, eləcə də AXCP sədri Əli Kərimlinin saxta ittihamlarla üzləşdiyi bildirilir. "Cənab Əliyev ciddi siyasi rəqabətə dözümlülük göstərməkdən imtina edir", – yazan qəzet son bir ildə "AbzasMedia", ToplumTV-nin üzləşdiyi təzyiqləri yada salır, 12 media işçisi və altı digər fəalın həbsdə olduğunu bildirir.

"The Washington Post" qeyd edir ki, COP29 bir iqlim konfransıdır, qlobal istiləşmənin bütün ölkələrə təsiri var və siyasətdən asılı olmayaraq birgə səylər tələb edir. "Ancaq bu faktlar hər il bədnam rejimlərə prestij və legitimlik verməyi tələb etmir. Daha yaxşı yanaşma, məsələn, Kosta-Rika kimi güclü ətraf mühit və demokratik öhdəlikləri olan daimi ev sahibi ölkə seçmək olardı", – qəzet yazır.

Azərbaycan hakimiyyəti isə insan haqları ilə bağlı tənqidləri qəbul etmir, xarici medianı, qurumları qarayaxma kampaniyasında suçlayır.

Hikmət Hacıyev
Hikmət Hacıyev

"Planetimizin xilasından ötrü COP29 atəşkəsi vaxtıdır"

Bunu isə "Newsweek" dərgisində Azərbaycan prezidentinin xarici siyasət müşaviri Hikmət Hacıyev yazır.

O, Azərbaycanın "COP atəşkəsi"nə çağırdığını, ölkələrin iqlimlə bağlı çıxış yollarını götür-qoy etdiyi bir vaxtda münaqişələrdə fasilə istədiyini yazır.

H.Hacıyev Azərbaycandakı COP sammitində sülh və iqlimin bir-birinı qarışdığını, Bakının ev sahibliyi hüququnu məhz sülh yolunda irəliləməklə əldə etdiyini vurğulayır. Belə ki, Yerevan Azərbaycanın ev sahibliyinə vetosunu məhbus mübadiləsindən sonra qaldırıb.

H.Hacıyev ikitərəfli danışıqların əvvəlki üç ildə beynəlxalq vasitəçilərlə aparılandan daha faydalı olduğunu bildirir: "Sərhəd delimitasiya komissiyaları yaradılıb, sərhədin bir hissəsi demarkasiya olunub. De-fakto sülh reallığa çevrilib. Sülh əlçatandır".

Prezidentin müşaviri daha sonra məqaləsində sülhə əngəl kimi Ermənistan konstitusiyasında Qarabağın Ermənistanla birləşdirilməsinə çağırışı, Yerevanın Paris tərəfindən intensiv silahlandırılmasını göstərir.

H.Hacıyev COP29 ərəfəsinə səslənən tənqidlərə toxunaraq tənqidlə yalan arasında fərq olduğunu vurğulayır: "Deyirlər ki, "Azərbaycan COP-u beynəlxalq reputasiyasını düzəltmək üçün keçirir" – faktiki isə bizim COP-la bağlı planımız, onu keçirməyə inamımız belə yox idi. Yaxud "Azərbaycan neft və qaz sənayesinə zərbə vuracaq iqlim sazişini qəbul etməyəcək" – gerçəkdə isə biz mədən yanacağından elektrik ixracatçısına keçid edirik", – prezidentin müşaviri yazır.

Vladimir Putin Sankt-Peterburqda MDB sammitində
Vladimir Putin Sankt-Peterburqda MDB sammitində

Putin COP-a gələcəkmi...

Ukraynanın Aİ-dəki səfiri isə "POLITICO"ya müsahibəsində müttəfiqləri Rusiya liderinin COP-29-a gələcəyi halda, onu boykot etməyə səsləyib.

"Bu təzyiqi göstərməliyik, tərəfdaşlarımız Azərbaycana aydın şəkildə deməlidirlər ki, Putin orada olacaqsa, onlar gəlməyəcəklər", – səfir Vsevolod Çentsov deyib.

Kremlin bu həftə bildirdiyinə görə, prezident Vladimir Putin BMT-nin iqlim konfransında iştirakı nəzərdən keçirir.

"Hələ ki, qərar verilməyib", – sözçü Dmitri Peskov Rusiyanın "RIA Novosti" dövlət xəbər agentliyinə deyib.

Putin son illər beynəlxalq səyahətin miqyasını azaltmalı olub, Beynəlxalq Cinayət Məhkəməsi (BCM) hərbi cinayətlər iddiaları ilə bağlı onun barəsində həbs orderi çıxarıb.

Ancaq Azərbaycan BCM üzvü deyil. Putin avqustda Bakıya səfər edib, azərbaycanlı həmkarı ilə ticarətin genişləndirilməsi, siyasi əlaqələri müzakirə edib.

Çentsovun fikrincə, həbs orderi Putini böyük diplomatik tədbirdə iştirakdan çəkindirməlidir.

Gələn ay Braziliyada "Böyük İyirmilik" (G20) sammiti keçiriləcək. Ukrayna oktyabrın 14-də Braziliyanı Putin həmin tədbirə qatılarsa, onu həbs etməyə çağırıb.

XS
SM
MD
LG