Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:10

Süleyman Sani Axundov. Bax mən buna yoxam


İbrahim çadra, papaq və əski əlifba əleyhinə təşkil olunmuş mədəni hücum kampaniyasında iştirak edərək çox çalışdığı üçün artıq yolurmuşdu. Mənzilinə qayıdarkən, rəfiqi Qulamgildə bir qədər dincini almağı və onun xəstə oğlunu yoluxmağı qət etdi.
Qapıdan içəri daxil olduqda Qulamdan başqa, qısaboylu, ortayaşlı, başında 60-70 manata dəyən bir papağı olan həkimi masa üzərində oturub, resept yazan gördü.

Qulam ilə salamlaşıb xəstə çocuğunun halını sordu.
- Mədəni hücum kampaniyanız nə cür keçdi? – deyə Qulam sordu.
- Çox gözəl və şənlikli keçdi, - deyə İbrahim cavab verdi. Doktor üzünü ona
çevirib dedi:
- Məncə küçələrə düşüb "çadra daloy" deməyin heç mənası yoxdur. Belə şeylər
öz-özünə məhv olub gedəsidir. Burada inqilab yox, təkamül yolu ilə getmək
lazımdır. Yetişməmiş bir meyvəni dərməkdən mənfəət əvəzinə zərər və bəlkə də,
xəta gələ bilər. O ki qaldı, papaq məsələsinə, bunda mən heç yoxam.
Ümumiyyətlə, bir tayfanın milli libasını dəyişdirməyi mən tarixi səhv hesab
edirəm, istər onu dəyişdirən dəli Petro olsun, istər Mustafa Kamal.
İbrahim:
- Möhtərəm doktor, - dedi, - fikrinizdən çox əskilik qoxusu gəlir! Mənim az
olmuş olsa, nəbatat elmindən bir qədər məlumatım vardır. Min ildən ziyadə
meyvəsi dəyməyən nəbat eşitməmişəm. Hərgah elə meyvə varsa, onun dəyməsi
çox uzun və bəlkə də müşkül olduğu üçün dərib heyvanlara atılması lazım gəlir. O
ki qaldı papaq məsələsinə, həkimlərdən papaq tərəfdarı olan şəxsi indiyə kimi
eşitməmişdim, biləks, onlar papağın zərərindən söyləmişlər...
- Yoldaş, onlar da sizin kimi mətləbə dərin, geniş və ətraflı baxmamışlar. Libas
hər torpağın təbiətinə görə yaranmışdır. Ərəbistanda - aba, əmmamə; Dağıstanda -
yapıncı, başlıq; bizim Azərbaycanda - siz deyən yosma papaq, çuxa. Həmin yosma
papaq - kəndlilərimizi yağmır vaxtı yağışdan, qış vaxtı qardan qoruduğu kimi, yeri
gəldikdə yastıq vəzifəsini də ifa edir. Bu papağı kepka və ya şlyapa ilə əvəz etmək
mümkündürmü? - deyə həkim, dəyərli məlumatını isbat etdi.
Qulam doktora cavab verərək:
- Nə üçün mümkün deyil, - dedi, - yay fəsli Muğan və Mil düzlərinin təndir
kimi üzü qarsan istisində yosma papağın altında tər çeşmə kimi axıb türk
kəndlilərini oda yaxarkən həmin yerdə malaqanlar yüngül güləş papaqla başlarını
günəşin yandırıcı şöləsindən mühafizə edirlər.
Doktor məsələyə ancaq praktiki tərəfdən yanaşırdı, onu da sübuta yetirə
bilməyirdi. İbrahim Qulama müraciətlə dedi:
- Doktor, papağın zərərini, kəsafətini bizdə ona bir "namus" və "müqəddəs"
kimi baxılmağı və ekonomiya cəhətincə kəndliyə əlverişli olmadığını unudub,
fəqət bir millətçilik nöqteyi-nəzərindən baxır...
Söhbətin bu yerində doktor saata baxıb:
- Yoldaşlar, söhbətimiz çox maraqlıdır, fəqət naxoşlar məni gözləyir, - deyə
ayağa qalxdı və xudahafiz edib getdi.
Bu vaxt Səlimə nənə podnosda üç stəkan çay içəri girdi.
- Xoş gəlmişsən, oğlum, çoxdan bəri bizi yad etməyirsən, - deyə Səlimə nənə
İbrahimi məzəmmət etdi.
- Səlimə nənə, şuğlum çoxdur, vaxt tapmayıram ki, gəlib səninlə söhbət edəm...
- Əlbəttə vaxtınız yoxdur... Gündə bir hoqqa çıxardırsınız... Bunu eşitdikcə
Qulam gülməyə başladı.
- Heç bu gün anamın başına gələn qəziyyədən xəbərin varmı?
- Səlimə nənə, nə olmuş? Söyləyiniz, - deyə İbrahim rica etdi.
- Nə söyləyim? Abır-həya çıxdı getdi...
- Səlimə nənə, bircə mənim bu yanımda otur, bu çayı da içə-içə mənə nağıl et,
görüm bu gün başına nə iş gəlmiş? Yoxsa sənin canına, bu saat durub gedərəm.
- Otur, otur, oğlum, söylərəm. Bu səhər uşaqlar üçün yumurta almağa dükana
getmişdim. Yumurtaları alıb çarşafımın ucuna bükdüm. Evə qayıdanda sizin
dəstələrə rast gəldim. Onlar yanımdan keçəndə bir dəcəl uşaq "çadra daloy" deyə
çarşafımı başmıdan dartıb yerə saldı. Yumurtalar çilik-çilik oldu. Ağzıma gələni
dedim. Hayasız adamlar da "çadra daloy", - deyə gülməyə başladılar...
Bunu eşitcək İbrahim qəhqəhə ilə gülməyə başladı. Qulam da ona qoşuldu.
Sonra Səlimə nənə dedi:
- Dediniz: padşah olmasın.
- Dedik: olmasın.
- Dediniz: dövlətli olmasın.
- Dedik: olmasın.
- Dediniz: bəy, xan, ağa, xozeyin olmasın.
- Dedik: olmasın.
- İndi nə deyirsiniz ki, çadra olmasın. Bax, mən buna yoxam!.. Bu vaxt həyətdə
qışqırıq qopdu.
- Yenə Məşədi Səfər arvadını döyür. Haraya gedim, - deyə Səlimə nənə həyətə
çıxdı.
- Qulam, Məşədi Səfər kimdir? - deyə İbrahim sordu.
- Məşədi Səfər bu evin sahibidir. Özü də quzu cildinə girmiş bir qurddur.
Danışanda deyirsən ki, əski bir kommunistdir. Ləqəbi də "Siyasətçi"dir. Yəqin ki,
bir azdan sonra özü buraya gələcəkdir; çünki hər bir belə ittifaqda mənim yanımda
özünü safa çıxarıb, arvadı Səkinəni taqsırlandırır.
Doğrudan da, bir azdan sonra Məşədi Səfər söylənə-söylənə içəri girdi.
Cavanlarla salamlaşdı. İbrahimə işarə edərək:
- Yəqin yoldaş da fikir edəcəkdir ki, mən davakar, arvad incidən bir adamam.
Əsla, yox. Mirzə Qulam təsdiq edər ki, mən köhnəpərəst deyiləm. Oğlum da onun
yanında oxuyur, qızımı da bu ildən uşaq bağçasına qoymuşam, ancaq bu evi
yıxılmış arvad evini-eşiyini atıb küçələrə düşübdür ki, mən mollanın təqlidini
çıxaranlara tamaşa edəcəyəm. Mən deməyirəm ki, tamaşa etməsin, lakin qabaqca
evini, həyətini süpürsün, xörəyi hazır etsin, uşaqların qarnını doydursun, sonra
hansı cəhənnəmə istəyirsə, itilib getsin. Mirzə Qulam bilir ki, mən bu arvaddan nə
əziyyət və məşəqqət çəkirəm. Nə üçün? Çünki bu bədbəxt qızı bədbəxt, elmsizdir,
ay kaş bu Şura hökuməti otuz-qırx il bundan irəli gəlmiş olaydı! Onda biz də
oxumuş, tərbiyəli ailə sahibi olmuşduq.
Burada Məşədi Səfər bir nəfəsini alıb kursüdə oturdu.
- Mirzə Qulam, məni yoldaşla tanış etmədin. Yoldaş nə iş sahibidir?..
- Ay Məşədi Səfər, qurma saat kimi aramsız zınqrovunu çalırsan. Heç fürsət
verirsənmi ki, tanış edim? – deyə Qulam cavab verdi. Sonra məşədiyə mənalı
baxışla:
- Bizim yoldaş yazıçıdır!
Məşədi Səfər, bunu eşitcək, cəld yerindən qalxıb, iki əli ilə İbrahimin əlini
sıxaraq:
- Yoldaş, sizinlə tanış olmağa çox şadam! Mən yazıçıları artıq dərəcədə
sevirəm. Bəlkə, artıq-əskik söz danışdım, məni əfv edəsiniz.
Mən özüm çox basavad adamam; qəzet-jurnal gecə və gündüz əlimdən düşmür.
Ələlxüsus siyasəti çox sevirəm. Ləqəbim də "Siyasətçi'.'dir. Ancaq yoldaş, Şura
hökumətinin bir siyasətini mən başa düşə bilmədim. Bu barədə fikrinizi bilmək
istərəm.
- Dediniz: allah yoxdur.
- Dedik: yoxdur.
- Dediniz: peyğəmbər, imam yoxdur.
- Dedik: yoxdur.
- Dediniz: din, məzhəb, şəriət, quran, oruc, namaz yoxdur.
- Dedik: yoxdur.
- Dediniz: məscid, molla, seyid, mərsiyəxan yoxdur.
- Dedik: yoxdur.
- Dediniz: ünas ilə zükur1 müsavidir.
- Dedik: müsavidir.
- Axırda dediniz: əskidən bizə miras qalmış çadra yox olsun.
- Dedik: yox olsun.
- İndi də deyirsiniz ki, papaq da yox olsun. Bax, bunda mən yoxam!..
Bunu eşitdikdə İbrahim gülümsünərək dedi:
- Məşədi Səfər, bir belə "müqəddəs" şeydən əl çəkə bildin, nə üçün bu "namus"
papağından əl çəkə bilməyirsən?
- Yoldaş, görünür ki, mətləbə dərindən fikir vermədiniz. Mənim sözüm
papaqda deyil, siyasətdədir. İstəyirsiniz bu saat bu papaq əvəzinə başıma nəinki
kepka, lap lodrağan (lüteran) qalpağı qoyum. Mən köhnəpərəst deyiləm; Mirzə
Qulam təsdiq edər, ancaq bir mənə deyin görüm, Azərbaycanda nə qədər can var?
- Təxminən iki milyon yeddi yüz min, - deyə Qulam cavab verdi.
- Atan oldu rəhmətlik, bu miqdarın yeddi yüz minini papaq geyməyənlərə
çıxaq, yarısını ünas tayfasına, yerdə qalar bir milyon. Demək, papaq geyən bir
milyon candır. Orta hesab ilə ildə on min dəri lazımdır. Dərinin birini 30 manatdan
götürsək, hökumətimiz ildə 3 milyon manat itirir. Bax, mən bu siyasəti başa düşə
bilməyirəm, indi fikrimi anladınızmı? – deyə Məşədi Səfər sordu.
- Məşədi Səfər, nə üçün ticarət siyasətinizə qadınların çadralarını daxil
etməyirsiniz?
- Onun bu mətləbə dəxli yoxdur. Mən köhnəpərəst deyiləm, çadranın atılması
tərəfdarıyam. Mən arvadım Səkinəyə min dəfə demişəm ki, arvad, bu mirası at
getsin, lakin o özü atmayır. Qadınlara zor etməyi vicdanım qəbul etməyir, - deyə
Məşədi Səfər meydana çağırıcı bir nəzərlə baxdı:
- Məşədi Səfər, qadını döyməyə vicdanınız necə yol verir?
- Yoldaş, o lazımdır; çünki qadın tayfası uşaq tayfası kimidir. Onlara quru söz
kar etməz, yeri gəldikdə döymək lazımdır. Yoldaş, mətləbdən kənara çıxdıq.
Sualıma cavab gözləyirəm.
Qulam dedi:
- Məşədi Səfər, siz, necə ki, bir alış-verişçi...
- Rica edirəm, səhvinizi düzəldiniz, mən sənətkaram.
- Bəli, siz sənətkarsınız, ancaq siz hökumətin hər bir tədbirindən sandıqçalara
para toplamaq gözləyirsiniz; bu yalnız bir nəzərdir. Hökumət, maarif, səhiyyə və
qeyri mədəni işlərə milyonlar sərf etdikdə öz para sandıqlarını güdməyir, dəri və
çadradan gələn paranı öz böyük məqsədinə qurban edir.
- Məşədi Səfər, izninizlə bir sual da mən vermək istəyirəm.
- Buyur, yoldaş yazıçı.
- Sizin sənətiniz nədir?
- Mənim?.. Sənətim?.. Nə üçün soruşursunuz? Onun mətləbə dəxli yoxdur.
- Heç, bilmək istəyirəm.
- Mən... papaqçıyam.
- Onda mətləb aydın oldu... Məşədi, hökumətin bu yeni tədbirindən nə üçün
xofa düşmüsünüz, o da aydın oldu.
- Yox, yoldaş, vicdanım haqqı səhv edirsiniz... Mən elə adam deyiləm. Mirzə
Qulam təsdiq edə bilər.
- Yenə zalım qızının səsi gəlir. Gedim görüm uşaqları incitməyir ki, - deyə
Məşədi Səfər qalxıb getdi.
İbrahim soruşdu:
- Qulam, sən nədə yoxsan?
- Mən də çadra ilə papağın indiyə kimi yaşamasında yoxam.
XS
SM
MD
LG