Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 19:16

"Biz hamımız ondan şübhələnirik"


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- “Axı niyə hər dəfə o qadının səhvini görür, kitaba and içən kimi susursunuz? Axı buna bənzər hadisə artıq neçə dəfə başımıza gəlib."

Tural Şahtaxtinski

Hekayə

Fahişənin kitabı

İndi evimizdə olsaydım, nənəmin televizorun qarşısından durub yatağa getməsini gözləyərdim.

Kiçik bacım yenə günorta həyətdə çox oynadığından taqətsiz qalar, axşam saat doqquzdan yatmış olardı.

Böyük bacım məktəb dərslərindən başı açılan kimi yorğun gözlərini yuxuya vermək üçün tələsərdi. Mən də bütün bunları gözləyər, hamı yatandan sora yorğanı başımdan çəkib, azadlığıma qovuşardım.

Sakitcə kirayə qaldığımız ikiotaqlı evin paslı cəftəsini qorxa-qorxa tərpədib, qapını açmağa çalışardım. Və sevincək bağın qapısından aşıb, hansısa mahnını zümzümə edə-edə birbaş şəhərin mərkəzinə doğru addımlayardım.

***

Bütün bunları Bakıda əmimin tanımadığım, xarabalığa bənzər bir məhəllədə yerləşən kiçik daxmasında başımı stola söykəyib, xəyal edirdim.

Anam yan otaqda bacımı da yanına alıb yatmağa hazırlaşır, bir tərəfdən də məni otağa çağırırdı.

Artıq ikinci dəfə idi, Bakıya gedirdim, Bakı mənim üçün sehrli bir şəhər idi. Hər ikisində ora içik bacımın müalicəsi üçün getmişdik.

Hər dəfə Bakıda olanda içimdə qəribə hisslər oyanardı. Böyük şəhərdə addımımı atdığım hər yer mənə möcüzəli gələrdi.

İlk dəfə Bakıdan qayıdandan sonra metronun qoxusu aylarla burnumdan getməmişdi. Küçədə insanların çoxluğunu görüb, heyrətə gələrdim.

Həmin gün səhər tezdən çatmışdıq Bakıya, günorta anam bizi xeyli gəzdirmişdi, bulvarda gözüm görən hər atraksiondan istifadə etmək istəyirdim.

Anam isə xətrimizə dəyməzdi, onun pulu necə qorxa-qorxa xərclədiyini hiss edirdim. Hər yeni atraksiona mindikdən sonra gözüm anamda qalırdı, həm bizə baxıb gülümsəyər, həm evdən çıxanda cibinə qoyduğu pulu təkrar-təkrar sayıb nə isə düşünərdi.

Uşaqkən həkimlərə o qədər nifrət edərdim, ağ paltarlı adamları görəndə həkim olmasalar belə, onları daşa basıb, qovmaq istəyirdim.

Bacımı hər həkimə aparanda atamın nələr çəkdiyi indi də gözümün qabağından getmir. Borc aldığı pulun hamısını həkimlərin əlimizdən alacağını düşünür, onları öldürmək istəyirdim.

Elə bilirdim, bizi qorxudub olan-qalanımızı əlimizdən alırlar ki, uşağı sağaltmayacağıq.

***

Anamın israrı ilə məcburən mən də stoldan durub yatağa girdim, onda yatmasam da, küçəyə çıxmaq şansım yox idi.

Heç yeri tanımır, rayonda rahat olmağıma baxmayaraq, Bakıda axşam evə dönərkən küçədə gördüyüm itlərin qorxusundan heç qapının ağzına belə, çıxa bilmirdim.

Anam və bacım yuxuya gedən kimi yorğanı başımdan çəkir, gözlərim açıq məhəlləmizi təsvir edir, rayona qayıdanda dostlarımla yeni hansı oyunları quracağımızı planlayırdım.

Onlarla Bakı haqqında yarı doğru, yarı yalan hansı xatirələri bölüşəcəyimi düşünürdüm.

****

Bacım epilepsiya xəstəsi idi. İlk dəfə onda bu xəstəlik özünü büruzə verəndə anamın qışqıraraq dediyi sözlər indi də yaddaşımı incidir.

Başımıza gələn hadisələr gözümün qabağında canlandıqca bədənimdən soyuq tər açılır, özümdən aslı olmayaraq gözlərimdən yaş gilə-gilə gəlirdi.

Həmin an anamın “balam öldü”, - deyib qışqırmağı məni daha çox qorxudurdu. Atamın bacımın dilini tutmasını diqqətlə izləyirdim.

Təcili yardım gələndən sonra evdəki faciə bir qədər unuduldu, yarı-zarafat, yarı-ciddi söhbət etdik, onları yola saldıqdan sonra isə sabaha qədər gözümüzə yuxu getməmişdi.

O hadisədən sonra bir neçə ay gecələr rahat yata bilmədim. Hər an nə isə baş verəcəyindən qorxurdum, hətta həkimlərin hər dəfəsində yaxşı tərəfə dedikləri sözlər belə, məni rahat buraxmırdı.

***

Gözəl günün sonunda heç düşünməzdim ki, aylar sonra bu hadisələr yenidən təkrarlanacaq. Əslində böyüklər artıq hər şeyi rahat qəbul edirdi.

İlk olaraq nə etmək lazımdı, necə etmək lazımdı, bilirdilər. Mən isə uşaq olduğumdan cuzi bir şey olan kimi qorxuya düşürdüm.

Gözümə təzə yuxu gedirdi ki, bacımın yataqda o yan, bu yana çox hərəkət etməyi diqqətimi çəkdi.

Əvvəl fikir vermədim, sonra yerinin içində çabaladığını görüb dik atıldım. Anamı səslədim, o oyananda artıq hər şey məlum idi.

Təcili yardım maşını gələnədək qonşular səs-küyə qapıya yığılmışdı. Yad olduğumuza görə bir qədər çəkinsələr də, sonradan bir neçə qadın evə girib kömək etmək istədi.

Təcili yardım maşını gələndə isə artıq bacım özünə gəlmişdi. Amma həkimlər öz işlərini yarımçıq qoymayıb, bacıma lazım olan yardımı göstərdilər.

Onlar qapının qarşısında durub bizdən yardım etdikləri üçün pul gözləyir, biz isə anamın pulqabısını axtarırdıq. Bir neçə dəqiqədən sonra artıq pulqabının tapılmadığını görən qonşu qadınlardan biri həkimlərə lazım olan pulu verdi, onları yola saldı.

Həmin an evdə vəziyyət tam dəyişmişdi, bacımın xəstələnməsi bir yana, , evdə hamı onun müalicəsi üçün gətirilən pulu axtarırdı.

Artıq qonşular da bizimlə birgə evin içində gəzinməyə başlamışdı. Bir saat sonra isə vəziyyət tamam başqa oldu.

Evdə olan qadınlar, onların həyat yoldaşları və oyaq qalan övladları - hamı bizim qaldığımız evin həyətində toplaşıb oğurlanmış pulu axtarırdı. Amma pulun oğurlandığını biz yox, onlar deyirdilər. Biz sadəcə evi axtarırdıq.

İçəri gənc bir oğlan girdi, çox sakit tərzdə bizi salamlayıb dedi:

"Mən həyətdə idim, evə girən qadınları görmədim, amma evdən çıxan qadını gördüm, o hamıdan tez çıxıb evinə getdi və mən onu çox yaxşı tanıyıram, eləcə də bayırda duran insanlar.

Düzgün yolun adamı deyil (bunu açıq deyə bilmirdi - fahişə), biz hamımız ondan şübhələnirik."

Sonra qadınlardan biri də gəlib oğlanın sözlərini təsdiqlədi. Amma biz yenə bu işin olacağından əmin deyildik.

Pulqabı stolun üstündə olub, evə dörd qadın gəlib, biri tualetə girib və oradan çıxıb birbaş evə gedib. Tualetə giririk, unitazın gözü tutulub, pul qabı isə unitazda.

Aydın oldu. Pulu o götürüb, qabı atıb unitaza və suyun getmədiyini görüb, evdən başıalovlu çıxıb.

Qıraqdan bu hadisələri, edilən söhbətləri sakitcə durub izləyirdim, sanki bütün bunları hansısa detektiv filmdə görmüşdüm.

***

Bir qədər sonra artıq hamı həmin şübhəli qadının qapısı qarşısına toplaşıb onu səsləyirdi. Evdən səs gəlmirdi, məhəllədə insanlar getdikcə artırdı.

Birdən qapı açıldı, gecə paltarında əlində kitab olan gənc qadın qışqıraraq, “And olsun bu kitaba, əgər yalan deyirəmsə gözlərim kor olsun, siz də yalan deyirsizsə, bu Quran sizə qənim olsun” - dedi.

Hamı qəfil susdu və çoxları qapıdan yavaş-yavaş uzaqlaşmağa başladı. Birdən insanların içindən bir səs gəldi: "Dayanın."

Qoca kişi dedi: “Axı niyə hər dəfə o qadının səhvini görür, kitaba and içən kimi susursunuz? Axı buna bənzər hadisə artıq neçə dəfə başımıza gəlib. Polis cağırıram, onlar hər şeyi aydın edər.”

Çox keçmədi, bu sözlərdən eşidən qadın: “Yaxşı, icazə verin, mən evdə o qadınla söhbət edim (anama işarə edirdi)."

Anam ağlaya-ağlaya onun evinə girdi. Bir saat həyətdə hamımız onu gözlədik. Sonra anam ovucunda pul ilə evdən çıxdı.

XS
SM
MD
LG