Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:31

Gəncənin polis rəisi (Hekayə)


Tape recorder
Tape recorder
-

Rəis Yumrunun ayaq baş barmağını ağzına salıb yalayır, az qalır gəmirsin. Yumrunun qıdığı gəlir və ayağını tərpətdikdə rəisi daha da ehtiraslandırır...


Səməd Niknam


İran Azərbaycanından olan yazarın hekayəsi


GƏNCƏNİN POLİS RƏİSİ


Rəis bir neçə gün idi vurnuxurdu. O, canını qoymağa yer tapmırdı. Axır ki, qərara gəldi. Səhər işə gələn kimi əmr verdi ki: “bu gün günortadan sonra Göy-göldə yeyib-içməyə gedəcəyik”.

Bu əmrin yerinə yetirilməsində “qayda” üzrə hər kəs öz işin bilirdi. Kimi kəsiləcək heyvanları alacaq, kimisə arağı , kimisə çadır hazırlayacaq . Bir sözlə rəisin Göy-göldə yeyib-içməsi üçün lazımı olan hazırlıq aparılacaq və lazım olan tədarükü görəcəkdi.

Bu birinci dəfə deyildi ki, rəis Göy-gölə yeyib-içməyə gedirdi. Belə hallar çox tez-tez baş verirdi. Lakin bu dəfə rəis daxilən rahatsız görünürdü . Nədənsə, bu dəfə elə bil keçən dəfəkilər kimi rəis sadəcə, dincəlməyə yox , bəlkə özu ilə hansısa problemi çözməyə gedirdi. Bunu hamı hiss edirdi , elə ona görə də, hamı rəisin yeyib-içmək üçün tədarük işində son dərəcə diqqətli və ehtiyatlı idi. Heç kəs istəmirdi ki, necə deyərlər kasa onun başında çatlasın.

Günortadan sonra saat iki radələrində rəis otağından çıxdı və dinməz -söyləməz, qaşqabaqlı görüntü ilə maşına oturdu.

Hər şey hazır idi amma, o bu dəfə keçən dəfələrdən fərqli olaraq məşuqələrindən kimisə yanında oturtmadı. Elə maşına oturan kimi sürücüyə dedi :

- Sür.

Sürücü sürdü .Həmişəki kimi rəisi müşayiət edən məşuqələri, bir aşıq və canqoruyanları da, onun ardınca yollandılar.

Rəis Çaykənddən keçərkən, keçmişdə orada yaşayan erməni məşuqəsi yadına düşdü.

Gözünü yumdu. Cavanlıq çağlarında Çaykənddə keçirdiyi günlər gözü önündə canlandı. Əslində o bu düşüncələrə çoxdan qapılmaq istəsə də, belə fürsət olmamışdı. Son vaxtlar heç nə onun kefin açmırdı. Yol boyu xumarlanaraq erməni məşuqəsi ilə mazaqlaşa-mazaqlaşa xəyala daldı. Birdən əli erməni məşuqəsi Sedanın döşünə toxundu. Rəis əlini Sedanın döşləri arasından içəri salıb onu öpmək istədi. Sedanın ucadan gülərək şaqqıltısina rəis “ bağırma görək ” deyə cavab verdi. Rəisin yuxuda danışması sürücünü çaşdırdı. Sürücü özündən asılı olmayaraq fərmanı titrətdi və geri dönub rəisə baxmaq istəyəndə, rəis özünə gəlmiş kimi: “Sən qabağa bax” - deyə qışqırdı.

Sürücü bir söz demədi, lakin güzgüdən rəisi gözaltı diqqətlə süzdü. Rəis çaşmış kimi bir söz demək istəməsə də, dodağının alrında : “Yaxşı yuxu görürdüm” - deyə mızıldandı.

Sürücü rəisin yuxu gördüyünü anlamışdı. Ona elə gəldi ki, rəis bu günlər haqqında çox düşündüyü məsələ - general olmaq haqda yuxuda nə isə görüb. Elə ona görə də, özünə cürət verib yavaşca dedi: “Yuxunuz çin olsun rəis.”

Sürücünün bu sözü rəisin xoşuna gəlmədi. Ona elə gəldi ki, sürücü onu ələ salır. Sonra fikirləşdi ki, yox, sürücü özünə o cəsarəti verməz. Sürücü rəisin fikirlərin oxumuş kimi, gec olmadan dedi:

- Rəis, general olmağınızı deyirəm, inşallah, düzələr.

Sonra o öz-özünə dedi: “Əşi, sənin nəyinə lazımdı axı rəis yuxuda nə görüb, kiri, otur yerində də”.

Bundan sonra sürücü lal oldu, kor oldu, düz Göy-gölə çatana qədər rəisi nə gördü, nə də eşitdi.

Yalnız Göy-gölə çatandan sonra o, özünü başqa adamlara qatıb rəisin qəribə baxışlarından canını qurtara bildi.

Rəis maşından düşəndən sonra özünü Yumru dediyi məşuqəsinin yanına verdi. Bu qadın bəstə boyu və dolu bədəni ilə rəisin daha çox xoşuna gəlirdi. Rəis Yumrunu kənara çəkib istədi yolda gördüyü yuxunu ona danışsın. Amma onun girdə sifətinə və dolu bədəninə baxanda yuxunu danışmağı, hətta harada olduğunu belə unutdu. Əlini Yumrunun döşlərinin arasına salıb üzü aşaqı apararaq onun yanağından bir öpüş götürdü. Sonra üzünü ordakılara tutub:

- Ay lələ, o aşıq hanı - deyə soruşdu.

Aşıq o saat gəldi. O, rəisə aman vermədən Yumrunun ünvanına bir ağız gözəlləmə söylədi.

Rəis üzünü Yumru ilə aşığa tutaraq: “Aya, vallah siz olmasanız, bu dərdlərə dözmək olmaz” - dedi.

Aşıq rəisin bu sözündən özünü təhqir olunmuş saydı. O, rəisin ifadəsində özünü Yumru ilə eyni sırada gördü. Kefi pozulsa da, başqa əlacı yox idi.

Bu dəfə rəis, dostlarından kimsəni yeyib-içməyə çağırmamışdı. O nə edəcəyini də bilmirdi. Son günlər sadəcə, əlindən necə sıyrılıb çıxan bir şikayət ərizəsinin Bakiya, nazirliyə getdiyini düşünür və ona əlac axtarırdı. Axı, o general olmaq istəyirdi.

Gəncədən şikayətin Bakiya getməsi isə onun general olmasında böyük bir əngələ çevrilə bilərdi. Ona görə də, o çox düşünürdü. Bu işdə günahkar axtarıb onu cəzalandırmaq istəsə də, özündən başqa kimisə tapa bilmirdi. Son vaxtlar rəisin vurnuxmasına nədən bax bu idi. Bunu isə kimsə bilmirdi. Ona görə də hamı təlaş keçirirdi. Hətta rəisin məşuqələri də onun təlaş içində olduğunu duyur və onunla necə davranacaqlarını bilmirdilər.

Bu gün rəis onsuz da Yumrudan başqa heç kimlə maraqlanmırdı. Görünür bu gün Yumrunun öhdəsinə böyük bir iş düşmüşdü. O, rəisin kefin düzəltməli və onlar şəhərə yaxşı əhval-ruhiyədə qayıtmalıdılar. Əslində bunu ordakılar Yumrudan gözləyirdi.

Rəis bu gün həmişəkindən tez, ozü də təmiz dəm oldu. Buna baxmayaraq Yumru nə isə hərəkətə keçmək istəmirdi. O, ilk hərəkəti rəisdən gözləyidi. Rəis isə içir-içir, yenə də içirdi.

Rəis əllərini Yumrunun budunda gəzdirərkən elə bilir, onun döşlərini əlləşdirir. O əllərini Yumrunun budundan üzü aşağı onun ayaq baldırlarına doğru aparır və nəhayət Yumrunun ayaq barmaqlarını yalamağa başlayır. Rəis Yumrunun ayaq baş barmağını ağzına salıb yalayır, az qalır gəmirsin. Yumrunun qıdığı gəlir və ayağını tərpətdikdə rəisi daha da ehtiraslandırır.

Yumru rəisin təmiz dəm olduğunu bilib, özünü taleyin və dəm rəisin umidinə buraxır. Bu minvalla rəis Yumrunun ayaq baş barmağından əl-çəkə bilməyib, elə Yumrunun barmağını soraraq yuxuya gedir.

Göy-göldə gecənin qaranlığı dözülməz olur. Bu qaranlığı tək otüşdürmək olmaz. Ordakılar mərasimin artıq bitdiyini düşünüb bir yerə toplaşdılar. Düşündülər ki, rəis yuxudan ayılsa, yalnız çay istəyə bilər. Elə ona görə də, çayniki isti saxlamağa çalışırdılar.

Belə yuxudan sonra rəis oyanmazdı. Lakin son günlər bütün işçilər təşviş içində idilər. Onlar nə edəcəklərini bilmirdilər. Onlar hər şey ola bilər deyə düşünərək yatmağa cürət etmirdilər.

Birdən Yumru çadırdan bayıra çıxdı. O:

- Bir köpeyoğlu kef çəkəcək deyə biz də gecənin bu vaxtı çöllərdə gecələyəcəyik- deyərək deyinirdi.

Sürücü Yumrunun qabağına getdı, onunla kəlmə kəsmək istədi. Lakin hiss etdi ki , Yumrunun kefi yoxdu. Elə bu zaman rəisin səsi eşidildi. Yumru tez çadıra qayıtdı. Rəis çadıra girən adamın kimliyini bilmədən dedi:

- Qayıdırıq idarəyə.

Yumru kirmişcə soruşdu :

- Rəis hara qayıdırıq?

– Gəncə polis idarəsinə.

Rəisin bu bağırtısını çadırın bayırında olan sürücü də eşitdi.

Bir an keçmədən artıq maşınlar Gəncə yoluna düzülmüşdü. Rəis lul-dəm idi. Maşının pəncərəsini açdı və sürücüdən soruşdu :

-Lələ, o Hüseynov maqnitafonu aldı qaytardımi?

Sürücü :

- Hələ yox rəis, qardaşı pul göndərməlidir, onu gözləyir. Deyir ki, pulum yoxdur.

Bu cavabla elə bil rəisin başına qaynar su tökdülər. O:

- Siz istəyisiz Gəncədən Bakıya növbəti şikayət ərizəsi getsin. Ona deyin ki, maqnitafonu alsın və maqnitafonu oğurlanan vətəndaşa versin. O adam ərizəsini geri götürməlidir. Bir daha Gəncədən Bakıya şikayət ərizəsi getməyəcək!

Sürücü çaşıb qalsa da:

- Baş üstə, rəis, çatdıraram.- dedi.

Rəis: “Lələ nə çatdıraram, siz bu işi çoxdan həll etməliydiniz” - dedi.

Rəis sözünə davam edərək soruşdu :

- Hüseynovun qardaşı pulu haradan göndərəcək?

Sürücü :

- Moskvadan, rəis.

Bu cavabdan sonra rəis daha da qızışdı. Və öz-özünə: ”Sən işə bir bax, mənim generallığım Moskvadan bir alverçinin 200 dollar göndərməsindən asılıdır”, - deyə düşündü.

Rəis şoferdən soruşdu:

- Lələ , o Hüseynov haradadır ?

Sürücü :

- Son günlər işə çıxmır, Moskvadakı qardaşı ona deyib ki, mən Moskva ilə Çin arasında on saat təyyarəylə gedib gəlirəm və ayaqqabı satıb pul qazanıram ki, sən kiməsə maqnitafon alasan? . Yox, mən o iş üçün pul göndərməyəcəm. Elə isə işdən çıx otur evdə. Mən sənin üçün pul göndərərəm başını dolandırarsan. O da işə çıxmır.

Şoferin bu sözləri rəisi cin atına mindirdi. O :

- Deməli, Hüseynovun qardaşı maqnitafonu almaq üçün, heç ona pul göndərmək fikrində də deyil.

Sürücü :

- Rəis Hüseynovun qardaşı pul göndərəcək, amma maqnitafon almaq üçün yox, ona xəjdik göndərəcək.

Rəis :

- Bəs maşınından maqnitafonu oğurlanan vətəndaşın maqnitafonun kim alıb qaytaracaq?

Sürücü rəisə nə deyəcəyini bilmədi. Lakin bir şey deməli idi. O :

- Rəis mən bunları şəxsi heyətə çatdıraram.- dedi.

Rəis :

- Şəxsi heyətlə mən özüm danışacam.

Elə bu zaman sürücü maşını Gəncə polis idarəsinin qabağında saxladı.

Rəis öz iş otağına keçib həyəcan siqnalını basaraq bütün şəxsi heyəti Gəncə polis idarəsinə çağırdı.

Hüseynova da zəng vurdular ki, həyəcan siqnalıdır, hamı idarəyə gəlməlidir.

Hüseynov saata baxdı, gecə saat iki idi.

Beş-on dəqiqəyə Gəncə polisinin bütün şəxsi heyəti polis idarəsinin həyətində hazırlıq vəziyyətinə gətirildi. Hamı həyəcan içində idi. Hər kəs o birisindən soruşurdu :

- Nə olub ? Nə baş verib? Müharibə başlayıb ?

Gecə saat ikidə bütün şəxsi heyətin həyəcan siqnalı ilə Gəncə polis idarəsinə çağrılmasına müharibənin başlanmasında başqa nədən kiminsə ağlına gəlmirdi. Hamı, yəqin ki, ciddi bir hadisə baş verib, yoxsa gecə saat ikidə bizi bura çağırmazdılar - deyə düşünürdü.

Hamı çaş-baş qalmış və həyəcan içində , hazır vəziyyətdə polis idarəsinin həyətində sıraya düzülmüşdu. Birdən rəis qapının ağzında göründü. Elə oradaca : Marrrrrrş - deyə bağırdı. Şəxsi heyət marş addımlamağa başladı. Marş irəli. Bir-iki, marş irəli. Gecə saat ikidə, çoxu yaşlı insanlardan ibarət şəxsi heyət marş addımlayırdı.

Hüseynovun qardaşı Çindən Moskvaya uçur və Rusiyaya satmaq üçün ayaqqabı aparırdı. O təyyarədə mürgüləyir və yuxuda görürdü ki, qardaşı Gəncə polisinin həyətində marş addımlayır və yuxulu oduğu üçün ayağı boşa gedir, budrəyir, az qalır yıxılsın.

Himalay dağlarının üstündən uçan təyyarə hava boşluğuna düşür və Hüseynovun qardaşı yuxudan diksinib ayılır. Hüseynov isə polis idarəsinin həyətində marş addımlayır və rəis onun gözü qabağında peyda olur, qorxusundan Hüseynovun dizləri əsir və yerə çokür.

Çindən Moskvaya Himalay dağlarının üstündən uçarkən Hüseynovun qardaşı, hava boşluğuna dümüş uçaqın silkələnməsindən diksinir. O, qorxusundan oturacaqdan bərk tutur və hiss edir ki, ayaqları boşluğa düşür.

Rəis Hüseynova marş əmri verir, lakin o, yerindən qalxa bilmir. Oturduğu yerdən bərk yapışır. Durmaq istəyəndə ona elə gəlir ki, yer ayağının altından qaçır və irəliyə addım atdıqda ayağı boşluğa düşəcək.

Rəis artıq özünü general kimi hiss edir və bir neçə gündən sonra o, artıq general rütbəsi alır.

2013-06-09
XS
SM
MD
LG