Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:28

Dilqəm Əhməd "Dənizə baxmaq hüququ" (Hekayə)


-

“Yenə otağın divarları üstümə gəlməyə başlayır. Oksigen də azdır. Ayaqlarım tutsaydı pəncərəyə yaxınlaşıb dərindən nəfəs alardım. Hər yayın gəlişində belə oluram. Qışda otağa, otaqda yalnızlığa qapanmaq olur. Amma indi, dəniz yəqin ki necə də gözəldir. Dəniz üçün nə çox darıxmışammış... Bu araba ilə necə gedəsən ora? Aşağı düşməyə heç imkanım yoxdur. Ah, bu müharibə... Nə qədər insanı şikəst elədi. Silahların törətdiyi şikəstlik alın yazısıdır, insanların törətdiyi isə bir fəlakətdir. Müharibə ayaqlarımı aldı məndən, insanlar isə bütün həyatımı. Arada sevgilimlə dənizin sahilində gəzdiyim günlər yadıma düşür. Birlikdə gəmiyə minmişdik, gəminin göyərtəsinə qalxıb ilk dəfə onu öpmüşdüm. Necə də atəşli idi dodaqları... Bəlkə indi o gəmi qalır yenə, amma sevgili qalmayıb artıq. Ona xəbər vermişdilər müharibədə ayaqlarımı itirdiyimi, daha ondan heç bir xəbər çıxmamışdı. Özümü yalandan ovundurmağa gərək yoxdur, tərk etmişdi məni. Nə edəcəkdi ki məni? Mənim qaranlığıma şərikmi olacaqdı? Ömrünü ayaqsız biri iləmi paylaşacaqdı??? Bəlkə də xoşbəxtdir indi. Yoldaşı, uşaqları ilə birgə sahildə əl-ələ tutub gəzirlər. Mən isə, sahilləri ancaq bilgisayardan izləyə bilirəm. Yaxşı ki texnologiya var, yenə arada bir az dərdlərdən azad edir məni. Amma qoxusunu duymadan, əlini toxundurmadan, dalğanın mamırları necə döyəclədiyini görmədən, atasının əlindən tutan uşağın uzaqdakı gəmini heyrətlə göstərməsinə tamaşa etmədən “dəniz sahilindəyəm” demək olarmı? Yox, mütləq getməliyəm...”
Qəti qərarı idi. Bu gün iki illik həsrətdən sonra sahilə baxmağa gedəcəkdi. Əvvəlcə əlinin altında olan ən yaxşı koftanı əyninə keçirdi. Arabanı sürərək koridorda güzgünün qarşısına keçdi. Saçlarına düzən verib, qapıya yaxınlaşdı. Qapını bağlamağa ehtiyac yox idi. Ona baxan qadın bir azdan gələcəkdi. Birinci mərtəbədə qaldığı üçün həyətə düşməsi çox çətin olmayacaqdı. Üzbəüz qonşunun qapısını döydü. İki tələbə qardaş yaşayırdı o evdə. Hər dəfə onlar kömək edirdi aşağı düşməyə. Bir saat aşağıda qalır, sonra tələbələr yenidən onu evinə qaldırırdılar. Pilləkənlərdə şərait olmadığından utansa da, hər dəfə qardaşlardan kömək istəməyə məcbur idi. Həyətə çıxmışdı. Dayanacağa doğru irəliləməyə başladı. Budur avtobus gəlir, onunla bərabər gözləyən hər kəs mindi. Sürücüyə səsləndi, “pandusum yoxdu, avtobus da basabasdır” cavabını aldı... Təhqir olunmuşdu... Yaxınlıqda metro vardı, pilləkənin kənarında ayrılmış hissə ilə aşağı düşdü, metronun girişindən daxil olduqda polislər saxladı:
- Vətəndaş, bir dəqiqə. Siz bu durumda metroya düşə bilməzsiniz.
- Nəyə görə?
- Axı...
- Ayaqlarım olmadığına görəmi?
- Baxın, vəziyyətinizi başa düşürük, amma xahiş edirəm siz də bizi başa düşün.
- Mən ayaqlarımı siz burda rahat şəraitdə işləyəsiniz deyə, bu gördüyünüz adamlar təhlükəsiz yaşasın deyə itirmişəm. İndi niyə metroya minə bilməyim ki?
Polislərin vicdan əzabı çəkdiyi üzlərindən bəlli idi. Stansiya rəhbərliyinə xəbər verilərək, vəziyyət izah olundu. İki gənc işçi çağırıldı. Arabanı qaldıraraq pilləkənlərlə aşağı endirdilər. Qatar gəldiyində vətəndaşlardan xahiş edilərək birinci onu mindirdilər. Sahil metrosuna qədər müşayiət etdilər. Metrodan yuxarıya çıxdıqdan sonra sağollaşıb geri-işlərinin başına döndülər.
“Dənizə çox az qalıb. Ayaqlarımı itirəndən mənə elə gəlir ki, hissiyyatım güclənib. Qarşıdakı yolu da keçə bilsəm artıq bulvara daxil ola biləcəm. İlahi, maşınlar və insanlar necə də sürətlə gedir, hər kəs harasa tələsir. Hamı qaçaqaçdadır. Yolun qarşısındayam. Yaşıl işıq yandı. Cəld olmalıyam... Ah, budur, dəniz necə möhtəşəmdir...”
Hər kəsin dənizə baxmaq hüququ var...Müharibədə ayaqlarını itirməyi gözə almaq vəzifəsi kimi...

20.06.2011
XS
SM
MD
LG