Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:05

Orxan Orxanov. Arxa oturacaqda sən


arxa oturacaqda sən

noyabr bir az sən demək idi yağışlı səkilərdə
almas ildırım şeirində tanış olmuş iki sətir
addım izlərinin yoxa çıxardığı başqa addım izləri
və… şikəst uşaqlarını gəzməyə çıxarmış əqrəb bürcü
payız fəslinə bənzəyirdi köhnə şəkillərdə
gözləri şişmiş, saçları kirli

narlar intihar edirdi barmaqlarımda
qırmızısında dodaqlarıvın gizləndiyi narlar

diksindiyim səslər gecənin qarasına bərabər idi
hələ ağardılmamışdı gövdələri,
quşlar qovulmamışdı budaqlarından
bir azdan
dənizdən bütün balıqları oğurlamış fırtına
bəraət alacaqdı başqalarının yuxusunda
mən gözlərimi səndə unutmuşdum
ovuclarıvın ülgüc itiliydə

qarğıdalı sahələrində sağa-sola qaçan uşaqlar
səmanın günəbaxan zəmilərinə tələsirdilər
döşlərindən keçmiş axan qadınlar
qadınlar əllərində unudulmuş kişi nəfəslərindən qamçılar
bizi qamçılayırdılar
sürücülük vəsiqəm ölüm qorxusu idi
paslanmış avtobusu dənizə sürürdüm

arxa oturacaqda sən – dünyadan böyük idin.
XS
SM
MD
LG