Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:41

Yusif Səmədoğlu "46-cı ilin oyunları" (Hekayə)


Mühasirəyə düşmüşdülər. Çıxış yolu yox idi. Başı aşağı oturmuşdular. Hər üçü ölümlə üz-üzə dayanmışdı. Lakin heç biri –nə Siyavuş, nə Kərim, nə də Nazim ölmək istəyirdi.

İki yol vardı: ya əsirlik, ya da ölüm. Düşmən xəbərdarlıq etmişdi ki, təslim olmasalar atom bombası atacaq. Onların isə atom bombası yox idi. Yadlarından çıxarıb evdə qoymuşdular. Siyavuşun, Kərimin və Nazimin anası Səkinə elə buradaca – səngərdə oturmuşdu.

O, qucağına sıxdığı balaca bir kuklaya – üç qardaşın bircə bacısı körpə Gülzara layla çalırdı:

Layla dedim yatasan,
Qızılgülə batasan…


Bax, indi qardaşların vuruşmağa gedəcək. Güllə atacaqlar, düşmənləri öldürəcəklər… Sonra qayıdacaqlar. Biz də evə gedəcəyik, çörək yeməyə. Bilirsən nə yeyəcəyik? Şirin qoğal, bax bu boyda… Özüm bişirmişəm, elə dadlıdı ki! Amma gərək sözümə qulaq asasan. Çox ağlasan səni də qardaşlarınla göndərəcəyəm vuruşmağa, qoğal verməyəcəyəm. Yaxşı?

- Səkinə Gülzarı qaldırdı – kukla o dəqiqə gözlərini açdı, əyən kimi dərhal gözlərini yumdu.

- Bax, qızım, - deyə Səkinə başını sinəsinə əydi. – Axşam səni gəzməyə aparacağam, sonra da çimizdirəcəyəm. Amma ağlasan səni də qardaşlarının yanına, vuruşmağa göndərəcəyəm ha. Qoğal da verməyəcəyəm. Yaxşı?

Layla dedim yatasan,
Qızılgülə batasan…


Səkinə başını qaldıranda oğlanlarını görmədi. Onlar vuruşmağa getmişdilər.
- Bax, qızım, qardaşların gediblər. İndi taranq-taranq güllə atırlar. Qardaşların qayıdan kimi evə gedəcəyik. Yat… Yat…

Bu an kimsə Səkinəni çağırdı:

- Səkinə, ey!

Səkinə səs gələn tərəfə baxdıqda səngərin qurtaracağında qalanlanmış iki yeşiklərin üstündə üç nəfər düşmən gördü. Onlardan biri enli toqqasına keçirdiyi uzun lüləli tapançadan çox, qundağı qırılmış tüfəngə bənzəyən silahını çıxarıb Səkinəyə tuşladı:

- Bəs sən niyə ölməmisən?

Səkinə dodaqlarını büzdü.

- Mən niyə ölüm ki? – deyə, suala sualla cavab verdi. – Əvvəlcədən danışmışdıq ki, mən ölməyəcəyəm.

Düşmən güldü. Silahını silkələyə-silkələyə hiddətlə dilləndi:

- Cığallıq eləmə. Oğlanlarının üçü də ölüb…
Səkinə yenə razılaşmadı.

- Nə olsun ki, ölüblər... Biz danışmışdıq ki, mən ölməyəcəyəm. Mənə güllə atmamısınız ki!

Düşmən bu dəfə qəhqəhə çəkdi. Başını yırğalayaraq cır səslə dedi:

- Ay-hay! Biz atom bombası atmışıq ey! Bax ora, lap səngərin yanına. Gərək sən də öləsən.

Səkinə hirsləndi. Yerindən qalxdı. Kukla əlindən düşdü. O, tez kuklanı götürüb toza bulanmış sarı saçlarını təmizlədi.

- Yox, - dedi. Biz əvvəlcədən danışmışdıq ki, mən ölməyəcəyəm. Cığallıq sən eləyirsən!

Araya sükut çökdü. Başqa bir düşmən qabağa gəlib avtomatını bir neçə dəfə göyə boşaltdı.

- Yaxşı, - dedi. Qoy sən deyən olsun. Amma atom bombası partlayanda radioaktiv şüalar olur. Adamı kor eləyir…

«Radioaktiv şüa» ifadəsini deyəsən heç kəs başa düşmədi. Avtomatlı düşmən hamının ona təəccüblə baxdığını görüb kirpiklərini qırpdı, udquna-udquna başa saldı:

- Hə də… Atam deyir ki, atom bombası partlayanda radioaktiv şüalar olur. Adamı kor eləyir...

Səkinə yenə başını bulayıb inadkarlıqla sözünün üstündə durdu.

- Yox, - dedi. Cığallıq eləməyin!

Bu dəfə başqa bir düşmən dilə gəldi:

- Yaxşı, istəmirsən istəmə… Amma sənin üç oğlun ölüb axı. Gərək sən dəli olasan!

Səkinə ani tərəddüddən sonra razı oldu. O, səliqə ilə daranmış saçlarından qırmızı lenti açdı, saçlarını dağıdıb çiyninə tökdü, dəli oldu.

Düşmənlər «urra!» deyə qışqırıb yerə düşdülər və harasa qaçdılar. Balalarını itirmiş ana yenə layla çalmağa başladı:

Layla dedim yatasan,
Qızılgülə batasan…


Sonra pıçıltı ilə dedi:

- Bax, qardaşların ölüb. Daha gəlməyəcəklər. Atom bombasından ölüblər. İndi sən mənim bircə balamsan. Mənim indi heç kəsim yoxdur. Təkcə sən qalmısan. Görürsən, anan dəli olub. İndi gərək ananın sözünə qulaq asasan… Çox ağlamayasan. Bu saat gedəcəyik evə, sənə şirin qoğal verəcəyəm. Sonra da qardaşlarını basdıracağıq… Yaxşı?.. Hə, indi gedək.

Səkinə ayağa qalxdı, kuklasını da qaldırdı. Lakin kuklanın gözləri açılmadı. İçində nəsə cingildəyirdi, deyəsən qırılmışdı. Səkinə onu silkələdi, bir neçə dəfə əyib qaldırdı. Lakin Gülzarın gözlər yumulu qaldı. Ana içini çəkib ağladı, qışqırdı:

- Aç da gözlərini!

Gülzar gözlərini açmadı. Üç qardaşın bir bacısı, Səkinənin sonbeşiyi kor olmuşdu.
XS
SM
MD
LG