Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:06

Vaqif Səmədoğlu. Bir gün dəli olacağam...


Bir gün dəli olacağam,
İcazə versələr əgər.
Gedəcəyəm baş götürüb
Evimizdən səhər-səhər...

Söysələr də öz-özümə
Ürək verib susacağam.
Söyüşləri yaxam üstən
Orden kimi asacağam.

Səni deyib yer üzünü
Qapı-qapı gəzəcəyəm.
Qürbətə, qapısız vətən,
Görən necə dözəcəyəm?

Yox görürəm bu dünyada
Mənə bir kəs gülməyəcək.
Qorxu tutmuş əllərimdən
Dəlilik də gəlməyəcək.

Bu otaqda qalacağam
Vicdanımla təkbaşına,
Bircə ümid bəsləyərək
Dost-aşnanın göz yaşına.

Ana yurdum, torpağında
Bir ləpir izim qalmadı.
Doğuldu, öldü şairin,
Sənin xəbərin olmadı...

1971
XS
SM
MD
LG