Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:32

Səməd Behrəngi "Qaraca balıq" (Hekayə)


Çilə gecəsi idi. Qoca balıq dənizin dibində on iki min nəvə-nəticəsini ətrafına yığıb nağıl deyirdi:

“Biri var idi, biri yox idi. Bir Qaraca balıq var idi. Bu qaraca balıq anası ilə bərabər kiçik bir arxda yaşayırdı. Arxın suyu sal qayalardan çıxıb dərənin dərinliyinə axırdı.

Qaraca balığın və anasının evciyi xəzələrin altında bir qara daşın arxasında yerləşmişdi. Gecələr ana-bala bir yerdə xəzələrin altında yatırdılar. Qaraca qara balıq ayı evlərinin içində görmək istəyirdi. Ancaq bu arzusuna çata bilmirdi. Qaraca balıq ayı evlərinin içində görmə həsrəti ilə yanıb yaxılırdı. Ana-bala səhərdən axşama qədər bir-birinin arxasınca dolanır və bə´zən də başqa balıqlara qatılıb kiçik bir yerdə gəzişirdilər.

Qaraca balıq anasının biricik evladı idi. Çünkü on min toxumdan yalnız Qaraca balıq sağlam dünyaya gəlmişdi.

Bir neçə gün idi Qaraca balıq dalğın, fikirli görünür, çox az danışırdı. Meylsizcə o yan bu yana gedir, çox vaxtlar da anasından geri qalırdı.

Ana fikirləşirdi: “Balasının nəsə bir xəstəliyi var ki, tezliklə kəçər gədər.” Sən demə Qaraca balığın dərdi başqa imiş! Bir gün səhər təzdən Qaraca balıq anasını yuxudan oyadıb dedi: “ana, səninlə bir neçə kəlmə danışmaq istəyirəm.”

Anası yuxulu-yuxulu dedi: “Ay bala, danışmağa vaxt tapmısan! Sözünü saxla sonraya. İndi gəziyə çıxmaq zamanıdır.”

Qaraca balıq dedi: “Yox ana, mən artıq bu gəziyə qatıla bilməyəcəyəm. Mən burdan getməliyəm.”

Ana dedi: “Mütləq getməlisən?”

Qaraca balıq dedi: “Hə, ana can, mütləq getməliyəm.”

Ana dedi: “Səhər tezdən hara getmək istəyirsən?”

Qaraca balıq dedi: “İstəyirəm gedib bu arxın sonunu tapam. Bilirsənmi ana can, aylardır fikirləşirəm ki, bu arxın sonu haradır, ancaq hələ heç bir şey anlaya bilməmişəm. Keçən gecədən bu anadək gözlərimə yuxu girməyib, bütün gecə boyu fikirləşmişəm. Sonunda kəsin qərara gəldim ki, yola düşüb gedib bu arxın sonunu tapmalıyam. Bilmək istəyirəm başqa yerlərdə nələr var.”

Ana gülümsəyərək dedi: “Mən də uşaq ikən belə xəyallara çox dalmışdım. Ancaq bala, arxın başlanğıcı sonu olmaz. Elə gördüyün kimi arx hər zaman axar. Axar və heç yerə də çatmaz.”

Qaraca balıq dedi: “Ana can, dünyada hər şeyin sonu yoxdur mu? Gecənin sonu var, gündüzün sonu var; həftə, ay, il...”

Ana onun sözlərini kəsərək dedi: “Ağzına sığmayan bu sözləri qoy bir yana, qalx gedək gəziyə. Gəzmək vaxtıdır.”

Qaraca balıq qəti bir səslə dedi: “Yox ana, mən artıq bu gəzilərdən bezmişəm. Mən getmək istəyirəm. Yəqin fikirləşəcəksən bu sözləri mənə kimsə öyrətmiş. Elə deyil ana can, mən çoxdandır bu fikirdəyəm. Ancaq başqalarından da çox şeylər öyrənmişəm. Məsələn görmüşəm ki, bir çox balıqlar yaşlandıqdan sonra gileylənirlər ki ömürlərini mənasız keçirmiş, çürümüşlər. Bilmək istəyirm ki, doğrudan mi yaşayış elə darısqal bir mühitdə çabalayıb yaşlanmaqdır, yoxsa başqa tür* də yaşamaq mümkündür?”

Qaraca balığın sözləri bitdikdən sonra anası dedi: “Ay bala, ağlını mı itirmisən? Dünya...dünya! dünya nə deməkdir? Dünya bizim yaşadığımız yer və həyat da elə bundan ibarətdir.”

Bu anda yekə bir balıq onların evinə tərəf yaxınlaşaraq dedi: “Qonşu, nə olubdur? Uşağınla dalaşırsan deyəsən. Sanki bu gün gəziyə çıxmaq fikriniz yoxdur!”

Qaraca balığın anası qonşunun səsini eşidər-eşitməz dışarıya çıxıb dedi: “Ay qonşu, gör nə pis zaman olmuş! Uşaqlar analarına nəsə öyrətmək istəyirlər!”

Qonşu dedi: “Nə olub ki?”

Ana dedi: “Buna bir bax sən, bir hüllük** boyu ilə gör haralara getmək istəyir! Elə hey deyir gedib dünyanı gəzmək istəyirəm, belə də iş olar?”

Qonşu dedi: “Bala, söylə görüm sən nə zamandan bəri alim və filosof olmusan ki, bizim xəbərimiz olmayəb?”

__________

* Tür- növ
** Təqribən bir qarışın yarısı.



Qaraca balıq dedi: “Xanım, mən bilmirəm siz alim və filosof nəyə deyirsiniz. Mən sadəcə bu gəzintilərdən bezmişəm və bu bezikdirici yaşayışa son vermək istəyirəm. İstəmirəm nə zamansa bir dəfə ayılıb görəm ki, sizin kimi yaşlanmış bir balığa dönmüşəm və dünya haqqında da heç bir anlayışım yoxdur.”

Qonşu dedi: “Vay vay! Nə qorxunc sözlər!”

Ana dedi: “Heç ağlıma gəlməzdi ki, mənim bu biricik yavrum belə olacaqmış. Görəsən hansı xəbis balamı yoldan çıxarmış.”

Qaraca balıq dedi: “Kimsə məni yoldan çıxarmayıb. Mənim ağlım var dərk edirəm və gözlərim var görürəm...”

Qonşu, Qaraca balığın anasına dedi: “Ay bacı, o hələzunu xatırlayırsanmı?”

Ana dedi: “Hə, yaxşı xatırlayıram, yaxşı dedin. Balamla çox söhbətləşib pıçıldaşırdı. Tanrı onun başına min bəla gətirsin, yavrumu o, yoldan çıxarıb.”

Qaraca balıq dedi: “Yetər ana can! O mənim dostum idi.”

Ana dedi: “Balıqla hələzunun dostluğunu heç duymamışdıq.”

Qaraca balıq dedi: “Mən də balıqla hələzunun düşmənliyini heç duymamışdım. Ancaq siz o yazıq hələzuna çox pis davrandınız.”

Qonşu dedi: “Bu artıq keçmişin söhbətidir.”

Qaraca balıq dedi: “ Siz özünüz keçmişdən söz açdınız.”

Ana dedi: “Əslində onu öldürməli idik. Xatırlayırsanmı orda-burda nələr danışırdı?”

Qaraca balıq dedi: “O zaman məni də öldürün, çünkü mən də eyni fikirləri söyləyirəm.”

Nə başınızı ağrıdım, səs-küyə başqa balıqlar da yığışıb gəldilər. Qaraca balığın sözləri hər kəsi sinirləndirmişdi.

Yaşlı balıqlardan biri dedi: “ Elə bilirsən sənə rəhm edəcəyik?”

Başqası dedi: “Sadəcə ona bir qulaq burması verməliyik.”

Qaraca balığın anası dedi: “Çəkilin kənara, balama toxunmayın.”

Balıqların içindən biri dedi: “Xanım, evladını lazımınca tərbiyə etməmisən, indi də cəzasını çəkirsən.”

Qonşu dedi: “İnanın, sizinlə qonşu olmağıma utanıram.”

Başqa balıq dedi: “ İş böyüməmiş gəlin bunun başına hələzunun başına gətirdiyimizi gətirək.”

Balıqlar Qaraca balığa hücum edərkən, Qaraca balığın arxadaşları onu əhatələrinə alıb ordan uzaqlaşdırdılar.

Qaraca balığın anası ağlaya-ağlaya başına döyüb deyirdi: “Ay aman... başıma haranın külün töküm, balam əldən gedir...”

Qaraca balıq dedi: “Ana, mənim halıma ağlama, bu yaşlanmış, ömürlərini itirmiş bədbəxt balıqların halına ağla!”

Balıqlardan birisi uzaqdan bağırdı: “Bizi təhqir eləmə axmaq.”

İkincisi dedi: “Əgər gedib peşman olub geri dönsən, artıq səni içərimizə buraxmayacağıq.”

Üçüncüsü dedi: “Bütün bunlar gənclik devrinin həvəsləridir, getmə.”

Dördüncüsü dedi: “Söylə görək buranın nəyi pisdir, niyə gedirsən?”

Beşincisi dedi: “Başqa bir dünya yoxdur, dünya yalnız olduğumuz yerdən ibarətdir. Şeytanın daşını tök ətəyindən, getmə!”

Altıncısı dedi: “Biz səni görməyə adət etmişik, sənsiz darıxarıq...”

Ana dedi: “Mənə yazığın gəlsin, getmə... getmə!”

Qaraca balıq artıq bu söylənənlərin heç birisini dinləmirdi. Tay-tuş dostlarından bir neçəsi onu yola salmaq üçün Qaraca balıqla çağlayan*a qədər gəldilər.

Qaraca balıq dostlarından ayrılarkən dedi: “Arxadaşlar, görüşmək umudu ilə sizdən ayrılıram. Məni unutmayın.”

Dostlar dedilər: “Qaraca balıq, səni heç unutmaq olarmı? Sən bizi cəhalət yuxusundan oyatdın. Bizim ağlımıza gəlməyən şeyləri sən bizə öyrətdin. Görüşmək üzrə qorxmaz və bilgin dost.”

Qaraca balıq çağlayandan aşağı atıldı. Bol sulu bir burulğana düşdü. Öncə özünü itirdi, sonra isə başladı ətrafı gəzməyə. O anadək bir yerə birikmiş bu qədər suyu görməmişdi. Minlərcə çömçə** balıq suda o yan bu yana qaçışırdılar. Qaraca balığı görcək ona söz atıb, məsxərə etməyə başladılar: “Sür-sifətinə bax! Bu da nə biçim yaratıqdır***?!”

Qaraca balıq onların davranışlarına yaxşıca diqqət edərək dedi: “Lütfən məni təhqir etməyin! Mənim adım Qaraca balıqdır. Siz də adınızı söyləsəniz tanış olarıq.”

Çömçə balıqlardan biri dedi: “Biz bir birimizi çömçə balıq deyə çağırırıq.”

İkincisi dedi: “Bizim əsl-nəcabətimiz çox uludur. Biz nəcabətli bir soydanıq.”

Üçüncüsü dedi: “Bizdən daha gözəli dünyada tapılmaz.”

Qaraca balıq dedi: “Sizin özünüzü bu qədər bəyənmiş olmanızı heç ağlıma gətirməzdim. Ancaq olsun, mən sizi bağışlayıram. Çünkü bütün söylədikləriniz
cəhalətiniz və bilgisizliyiniz üzündəndir.”

Çömçə balıqlar qışqırdılar: “Yəni biz cahilik?!”

Qaraca balıq dedi: “Cahil olmasaydınız bilərdiniz dünyada sizdən fərqli çoxları var ki, görkəmləri özləri üçün çox da sevimlidir. Sizin adınız da hətta özünüzün deyil.”

__________

* Çağlayan- şəlalə
** Səməd Behrənginin “kəfçə” balıqlar olaraq adlandırdığı bu qurbağa balalarına bizim kənddə “çömçə” balıq deyirlər. “Kəfçə” sözünün də Türkçə tərcüməsi də “çömçə”dir.
*** Yaratıq-məxluq



Çömçə balıqlar çox sinirləndilər, ancaq gördülər ki, Qaraca balıq döğru söyləyir, yersiz düşmənçilikdən əl çəkib dedilər: “Sən özünü nə haq ora-bura çırpırsan. Biz səhərdən axşama qədər dünyanı gəzirik, ancaq özümüzdən, ata-anamızdan başqa kimsəni görmürük. Bir də kiçicik sürüngən qurdları görürük ki, onları da saymarıq.”

Qaraca balıq dedi: “Siz ki, bu bataqlıqdan dışarıya çıxmırsiniz, dünyanı necə gəzə bilərsiniz?”

Çömçə balıqlar dedilər: “Yoxsa bu bataqlıqdan başqa ayrı bir dünya da var?!”
Qaraca balıq dedi: “Ən azı fikirləşməlisiniz ki, bu su hardan buraya gəlir və sudan kənarda nələr ola bilər.”

Çömçə balıqlar dedilər: “Suyun kənarındaki dünya nə deməkdir, haradır? Biz ki, suyun kənarındaki dünyanı heç vaxt görməmişik. Hahaha...hahaha. Sənin başın xarab olmuş.”
Qaraca balıq da çömçə balıqların gülünc hərəkətlərinə gülümsədi. Fikirləşdi ki, bunlar düzələsi deyil, bunları tərk edib yolçuluğa davam etmək lazımdır. Ancaq birdən ağlına gəldi ki, bəlkə çömçə balıqların anaları ilə də bir neçə kəlmə danışsın. Onlara dedi: “Yaxşı, ananız hardadı?”
Bu zaman qurbağanın zil səsi Qaraca balığı diksindirdi. Qurbağa bataqlığın qırağında bir daşın üstündə oturmuşdu. Özünü suya ataraq Qaraca balığa yaxınlaşıb dedi: “Mən burdayam. Buyuruğunuzmu var?”
Qaraca balıq dedi: “Salam yekə xanım”
Qurbağa dedi: “Ay soyu-sopu bilinməz olan yaratıq, ağlı kəsməz evladlarıma fəzilətdənmi danışırsan? Mən o qədər ömür sürmüşəm ki, bu bataqlıqdan başqa bir dünyanın olmadığını görmüş, duymuş, anlamışam. Yaxşısı budur öz işinlə məşğul ol, mənim evladlarımı yoldan çıxarma!”
Qaraca balıq dedi: “Yüz dəfə belə ömür sürsən də yenə cahil, düşüncəsiz qurbağadan başqa bir şey olmayacaqsan.”
Qurbağa sinirlənib Qaraca balığın üzərinə atıldı. Qaraca balıq cəld hərəkət edib, ildırım sürəti ilə oranı tərk edərkən, zığ-zımırığı laxladıb bataqlıqdaki yuxuya dalmış kiçicik sürüngən qurtların da yuxusunu qaçırdı.
Zirvəli dağların ayağına dolaşan dərənin suyu çoxalmışdı. Zirvədən dərəyə baxarkən arx nazik bir ağ iplik kimi görünürdü. Dağdan qopub dərəyə yuvarlanmış böyük bir qaya suyu iki hissəyə bölmüşdü. Əl boyda bir qızboğan* qayanın üstündə uzanıb günəşin istisindən ləzzət alır, bir az kənarda bir qurbağanı yeməklə məşğul olan qırxayağa** baxırdı. Qurbağanı yeyən qırxayağı görcək Qaraca balığın içində bir qorxu hissi oyandı. Uzaqdan qırxayağa salam söylədi. Qırxayaq əyri-əyri Qaraca balığa baxaraq dedi: “Nə ədəbli balıqdır! Bəri gəl görüm balıqcıq, gəl, bəri gəl”

___________

* Bizim bölgədə “marmulək”ə “qızboğan” deyilir. Qızboğan kərtənkələdən bir az xırda və çox gözəl görünüşlü, qayakıqlarda çox sürətlə hərəkət edən zərərsiz sürüngəndir.
** Muğan bölgəsində “xərçəng”ə “qırxayaq” deyilir.



Qaraca balıq dedi: “Mən dünyanı gəzməyə gedirəm və cənabınızın yemi olmaq istəmirəm.”
Qırxayaq dedi: “Sən niyə bu qədər inamsız və qorxaqsan balıqcıq?”
Qaraca balıq dedi: “Mən nə inamsızam, nə də qorxaq. Sadəcə gözümün gördüyünü və ağlımın qavradığını söyləyirəm.”
Qırxayaq dedi: “Yaxşı, söylə görək gözün nə gördü və ağlın nə düşündü ki, sən elə bildin mən səni ovlayacağam.”
Qaraca balıq dedi: “Özünüzü bilməzliyə vurmayın.”
Qırxayaq dedi: “Qurbağanımı deyirsən? Əşi... gerçəkdən də sən lap uşaq kimisən. Mən qurbağaları sevmirəm, heç sevmirəm. O üzdən də onları görcək ovlayıram. Bilirsənmi, qurbağalar elə bilirlər dünyanın biricik mutlu canlıları onlardır. Mən isə onlara dünyanın gerçək hakiminin kim olduğunu isbat etmək istəyirəm. Ona görə də sən qorxma, bəri gəl, gəl...”
Qırxayaq bu sözləri deyib yırğalana-yırğalana Qaraca balığa tərəf yeridi. O qədər gülünc yerişi var idi ki, Qaraca balıq gülərək söylədi: “Ay yazıq, sən hələ yerişini belə bilmirsən, dünyaya kimin hakim oluğunu hardan biləcəksən?”
Qaraca balıq qırxayaqdan uzaqlaşırdı. Suyun üzərinə bir kölgə düşdü. Sərt bir vuruş qırxayağı qumsallığa basıb yox etdi. Qaraca balıq gülməsini zorla cilovladı. Bu zaman gördü ki, arxın qırağında kiçik bir çoban oğlan durub onlara baxırmış. Bir sürü qoyun arxa yaxınlaşıb su içməyə başladı. Qoyunların mələşmələri dərəni başına almışdı. Dərə qoyunların səsi ilə dolmuşdu. Qoyun sürüsü su içib ordan uzaqlaşdıqdan sonra, Qaraca balıq qızboğanı səsləyib söylədi: “Hörmətli qızboğan mənim adım Qaraca balıqdır. Bu arxın sonunu tapmaqda qərarlıyam. Sanıram siz ağıllı və bilgin bir canlısınız. Lütfən mənim bir soruma cavab verin.”
Qızboğan dedi: “Buyur, nə istəyirsən sor”
Qaraca balıq dedi: “Gələrkən yolda məni balıqudan quşdan və naqqa balıqdan çox qorxuzurdular. Əgər bu haqda bilginiz varsa əsirgəməyin, mənə söyləyin.”
Qızboğan dedi: “Naqqa bu tərəflərdə olmaz. O ən çox dənizdə yaşayır. Ancaq balıqudan quş bu yaxınlarda olmalıdır. Ayıq ol ki, aldanıb onun kisəsinə düşməyəsən.”
Qaraca balıq dedi: “Kisə?! Kisə nədir?”
Qızboğan dedi: “balıqudan quşun boğazının altında bir kisə var. Bu kisə çox su tutar. Balıqudan suda üzərkən bəzi balıqlar bilmədən düşərlər onun boğazının altındaki kisəyə. Balıqudan ac olmasa balıqları kisədə saxlar, acıxdığında yeyər.”
Qaraca balıq dedi: “Onun kisəsinə düşdükdən sonra qurtulmaq mümkün deyilmi?”
Qızboğan dedi: “Yalnız bir qurtuluş yolu var, kisəni yırtıb qaçmaq. Mən sənə bir qılınc vercəyəm. Balıqudana rast gəlsən bu qılınc sənə yardımçı olacaq.”
Qızboğan daşın cırığına girib əlində bir qılınc qayıtdı. Qaraca balıq qılıncı alıb dedi: “Sevimli qızboğan siz çox mehribansınız. Bilmirəm sizə necə təşəkkür edim.”
Qızboğan dedi: “Təşəkkürə gərək yox. Mənim çox qılıncım var. İşim olmadığında oturub bitkilərin tikanlarından qılınc düzəldirəm və sənin kimi bilgin, qorxmaz balıqlara hədiyə verirəm.”
Qaraca balıq dedi: “Məndən öncə də dəniz axtarışında olan balıqlar burdan keçiblər mi?”
Qızboğan dedi: “Çooox, çoxları burdan gəlib keçiblər. Artıq onlar böyük dəstəyə çevrilmiş balıqçıları bezdirmişlər.”
Qaraca balıq dedi: “Bağışlayın, söz sözü gətirir. Onların balıqçıları necə bezdirmələri haqda mümkünsə bir az geniş bilgi verin.”
Qızboğan dedi: “Onlar o qədər çoxalmışlar ki, balıqçılar balıq tutmaq üçün dənizə tor atanda toru dartıb balıqçıların əllərindən çıxarıb və dənizin dibinə aparırlar.”
Qızboğan qulağını daşın dəliyinə söykəyib diqqətlə qulaq asmağa başladı. Sonra da Qaraca balığa dedi: “Mən artıq getməliyəm. Çocuqlarım yuxudan oyanmışlar. Sənə uğurlar diləyirəm.”
Qızboğan daşın dəliyinə girdikdən sonra Qaraca balıq yoluna davam etdi. Yola düşdükdən sonra yüzlərcə cavabsiz suallar beynini sarmışdı. Öz-özünə soruşurdu: “Doğrudanmi arx dənizə tökülür, yoxsa mənim uydurmamdır? Balıqudan quşun gücü mənə çatarmi? Ancaq mən ki ona heç pislik etməmişəm, bizim ki aramızda heç bir düşmənlik yoxdur, nədən məni yemək istəsin?”
Qaraca balıq fikirlərə, xəyallara dalğıncasına gedirdi. Yolçuluğunun hər aşamasında yeniliklərlə rastlanır, yeni şeylər öyrənirdi. Hündür çağlayanların (şəlalələrin) başından donbalaq aşaraq dərəyə tullanmaqdan ləzzət alırdı. Günəşin istisi arxasını isidirdi. Qaraca balıq yaşamındakı bütün bu olaylardan zövq alırdı. Bir ceyrana rastlandı. Ceyran tələsə-tələsə su içirdi. Qaraca balıq sevinərək dedi: “Gözəl ceyran, niyə belə tələsirsən?”
Ceyran dedi: “Ovçu arxamcadır. Baldırıma bir bax. Güllə dəymiş.”
Qaraca balıq güllə yarasını görə bilmədi, ancaq ceyranın axsayaraq qaçmasından anladı ki, doğru söyləyir.
Bir yerdə bağaların qızmar günəşin altında mürgüləmələrini gördü. Başqa bir yerdə isə kəkliklərin həvəslə, sevgi ilə mahnı söyləmələrinə tanıq (şahid) oldu. Dağları bürümüş çiçəklərin qoxusu havada dalğalanaraq suya qarışırdı.
Günortadan sonra dərənin elə bir yerinə çatdı ki, arx bir ormanın ortasından keçirdi. Su o qədər çoxalmışdı ki, Qaraca balıq gerçəkdən də bu qədər bol suyun içində olmaqdan ləzzət alırdı. Bir az daha getdikdən sonra bir sürü balığa rastlandı. Anasından ayrıldığı gündən balıq görməmişdi. Bir neçə kiçik balıq qaraca balığa yaxınlaşaraq dedilər: “sanki qəribsən, deyilmi?”
Qaraca balıq dedi: “Hə qəribəm. Uzaqdan, çooox uzaqlardan gəlirəm.”
Kiçik balıqlar sordular: “Hara getmək istəyirsən?”
Qaraca balıq dedi: “Arxın sonunu tapmağa gedirəm.”
Kiçik balıqlar dedilər: “Hansı arxın?”
Qaraca balıq dedi: “İçində üzdüyümüz bu arxın sonunu aramağa, axtarmağa gedirəm.”
Kiçik balıqlar dedilər: “Bu arx deyil ki, biz buna çay deyirik.”
Qaraca balıq bir şey söyləmədən susqunca durdu. Kiçik balıqlardan birisi dedi: “Heç bilirsən mi balıqudan quş o tərəflərə gedən balıqları ovlayır?”
Qaraca balıq dedi: “Hə, bilirəm.”
Kiçik balıqlardan bir başqası söylədi: “Balıqudan quşun çox böyük bir kisəsinin var olduğunu da bilirsənmi?”
Qaraca balıq dedi: “Bunu da bilirəm.”
Kiçik balıq sordu: “Bütün bunları bilərək yenə də getməkmi istəyirsən?”
Qaraca balıq dedi: “Hə, necə olursa-olsun getməliyəm.”
Balıqların arasında pıçı-pıçı söhbətlər başladı ki, Qaraca balıq çox uzaqlardan yola düşüb gəlmiş və çayın sonunu arayıb tapmaq istəyir. Balıqudan quşdan da qorxmur! Kiçik balıqlardan bir neçəsi Qaraca balığa qatılıb getmək xəyalına düşdülər. Ancaq böyüklərinin qorxusundan səslərini çıxara bilmədilər. Bir neçəsi də söylədi: “balıqudan quş olmasaydı səninlə gələrdik. Biz balıqudan quşdan qorxuruq.”
Çayın kənarında bir kənd var idi. Kəndin qadınları və qızları çayda paltar yuyurdular. Qaraca balıq bir sürə paltar yuyan qızların mahnılarını dinlədi. Bir sürə də çayda çimən uşaqlara tamaşa etdikdən sonra yolçuluğuna davam etdi. Getdi... getdi... getdi... Bir daha getdi. Artıq gecə olmuşdu. Bir daşın altına sığınıb yatdı. Gecə yarısı yuxudan oyandı. Gördü ay suyun içinə düşmüş və hər yeri işiqlandırmışdır. Qaraca balıq ayı çox sevirdi. Gecələr ay suya düşdüyü zaman yatdıqları daşın altından çıxıb ayla danışmaq, onunla arxadaş olmaq istərdi. Ancaq hər dəfə də anası mane olardı.
Qaraca balıq ayın yanına gedib dedi: “əsənliklər* ay, gözəl ay.”

_____________

* Əsənlik- sağlıq, səlamətlik. Əsənlik, “salam” yerinə istifadə olunur.



Ay dedi: “Əsənliklər qaraca balıq. Sən hara bura hara!?”

Qaraca balıq dedi: “Dünyanı gəzməyə çıxmışam.”

Ay dedi: “Dünya çox böyükdür. Bütün dünyanı gəzə bilməzsən.”

Qaraca balıq dedi: “Olsun. Başardığım qədər gəzəcəyəm.”

Ay dedi: “Gün doğana qədər sənin yanında qalmaq istərdim. Ancaq qarşıdan qara bulud gəlir. Mənim önümü kəsib işığımın qarşısını alacaq.”

Qaraca balıq dedi: “Sevgili ay, mən səni çox sevirəm. Sənin işığının vurğunuyam.”
Ay dedi: “Sevgili Qaraca balıq, mənim işığım yoxdur. Mən işığı günəşdən alıb yerə göndərirəm. Sən heç bilirsənmi ki, insanlar uçub gəlib mənim üzərimə qonmaq istəyirlər?”
Balıq dedi: “Ola bilməz, bu mümkün deyil.”

Ay dedi: “Çətin işdir, ancaq insanlar istədikləri hər şeyi...”

Ay sözünü bitirə bilmədi. Qara bulud ayın üzərinə sərildi. Hər yer qaranlıq oldu. Qaraca balıq yenə də yalnız qaldı. Bir neçə dəqiqə qaranlığı və səssizliyi dinlədi, sonra da bir daşın altına girib yuxuya daldı.

Səhər erkən yuxudan qalxarkən başının üstündə pıçıldaşan bir neçə kiçik balıq gördü. Balıqlar Qaraca balığın yuxudan oyanmasını gördükləri an bir ağızla söylədilər: “Gün aydın, Qaraca balıq.”

Qaraca balıq onları tanımışdı, dedi: “Gün aydın! Sanki mənimlə yol yoldaşı olmaq qərarına gəlmişsiniz, deyilmi?”

Balıqcıqlardan biri dedi: “Hə, ancaq hələ də qorxuruq.”

Bir başqası dedi: “Balıqudan quşun qorxusu bizi tərk etmir.”

Qaraca balıq dedi: “Siz çox fikirləşirsiniz. Gecə gündüz oturub sadəcə fikirləşmək doğru deyildir. Yola düşdükdən sonra qorxu hissimiz yox olacaq.”

Hərəkət etmək, yola düşmək istəyirdilər ki, ətrafdaki sular qalxdı və başlarının üstünü bir qara örtü örtdü. Hər yer qap-qaranlıq oldu. Qaçış yolu qalmadı. Qaraca balıq anladı ki, balıqudan quşun tələsinə, kisəsinə düşmüşlər.

Qaraca balıq dedi: “Dostlar, biz balıqudan quşun tələsinə düşdük. Ancaq qaçış yolu tam olaraq qapanmamışdır.”

Kiçik balıqlar ağlamağa, sızlamağa başladılar. Birisi dedi: “Yazıq olduq. Qaçış yolumuz qapandı. Qaraca balıq günahkar sənsən. Sən bizi yoldan çıxardın.”
Bir başqası söylədi: “İndi balıqudan quş bizim hamımızı udacaq. Yazıq olduq. İşimiz bitdi.”

Birdən qorxunc gülüş səsləri hər tərəfi sardı. Bu səs balıqudan quşun gürültülü gülüşlərinin səsi idi. Balıqudan quş qorxunc gülüşlərinə qarışmış sözlərlə dedi: “Nə qədər dadlıca balıqlardır bunlar...hahaha...hahaha...yazıq balıqcıqlar. Sizin halınıza ürəyim yanır. Sizi heç udasım gəlmir...hahaha...”

Kiçik balıqlar yalvarmağa başladılar: “Ey böyük varlıq biz sizin tərifinizi çox öncələr eşitmişik. Əgər lütf edib dimdiyinizi bir azcıq aralasaydınız biz burdan çıxıb və ömrümüzün sonuna qədər də sizə düa edərdik.”

Balıqudan dedi: “Mən sizi hələ udmayacağam. Hələ qarnım toxdur. Qarnıma baxsanız görərsiniz. Sizi bir azdan yeyəcəyəm.”

Kiçik balıqlar balıqudanın mədəsinə baxıb xeyli ölmüş balıq görüb, qorxudan zağ-zağ titrəməyə başladılar. Kiçik balıqlar dedilər: “Ey ulu varlıq, ey dənizlərin şahı, biz bir iş görməmişik. Bizim heç bir suçumuz yoxdur. Bizi yoldan çıxaran bu qaraca balıq oldu.”

Qaraca balıq dedi: “Qorxaqlar! Elə bilirsiniz bu qəddar balıqudan sizin bu acizanə yalvarışlarınıza rəhmmi edəcək?”

Kiçik balıqlar dedilər: “Sən heç nə danışdığının fərqindəsənmi? İndi görəcəksən ki, necə də çox hörmətli balıqudan cənabları bizi azad edib, səni isə mədəsinə tərəf yola salacaq.”

Balıqudan dedi: “Hə elədiiii. Mən Sizi bağışlaya bilərəm. Ancaq bir şərtim var.”

Kiçik balıqlar bir səslə dedilər: “Şərtinizi buyurun ey ulu balıqudan.”

Balıq udan dedi: “Özgürlüyünüzü qazanmaq üçün o qara balığı öldürməlisiniz.”
Qaraca balıq özünü bir tərəf çəkib kiçik balıqlara dedi: “Kəsinlikə onun təklifini qəbul etməyin. Bu riyakar balıqudan istəyir bizi bir-birimizə öldürtsün. Mənim bir planım var...”

Ancaq kiçik balıqlar özgürlüklərini əldə etmək üçün qaraca balığı dinləmədən ona hücüm etmək istədilər. Qaraca balıq yerində möhkəm duraraq yavaşca söylədi: “Qorxaqlar, hər halda siz əsir düşmüşsünüz, qurtuluş yolunuz da yoxdur. Mənə də gücünüz çatmaz.”

Kiçik balıqlar dedilər: “Səni öldürməliyik. Biz özgürlüyümüzü istəyirik.”

Qaraca balıq dedi: “Ağlınızımi itirdiniz? Siz məni öldürsəniz belə, yenə də özgürlüyünüzü əldə edə bilməyəcəksiniz. Onun fırıldaqlarına inanmayın.”

Kiçik balıqlar dedilər: “Sən bu sözləri canını qurtarmaq üçün söyləyirsən. Sən bizim həyatımızı düşünmürsən.”

Qaraca balıq dedi: “Diqqətlə qulaq asın. Mən sizə bir şey söyləyəcəyəm. Mən balıqudanın qarnındakı ölü balıqların içində özümü ölmüşlüyə vuracağam. Ondan sonra baxaq görək balıqudan sizi azad buraxacaqmi? Əgər mənim sözlərimi dinləməsəniz bu qılıncla hamınızı öldürəcəyəm. Sonra da balıqudanın qarnını söküb gedəcəyəm və siz...”

Kiçik balıqlardan birisi qaraca balığın səsini kəsərək dedi: “Yetər, yetər daha. Mən bu sözləri dinləmək istəmirəm.uhu...uhu...uhu..”

Qaraca balıq onun ağlamasını görüb dedi: “Bu naz-nazını niyə özünüzlə gətirmişsiniz?”

Sonra qılıncını qınından çıxarıb onların gözləri önünə tutdu. Onlar isə çarəsiz qalaraq Qaraca balığın təklifini qəbul etdilər. Bir-birləri ilə bir az boğuşduqdan sonra Qaraca balıq özünü ölmüşlüyə vurdu. Kiçik balıqlar balıqudana dedilər: “Ulu balıqudan, o həyasız qaraca balığı öldürdük.”

Balıq udan gülərək dedi: “Çox yaxşı iş gördünüz. Gördüyünüz bu işin hesabına indi sizin hamınızı diri-diri udacağam. Artıq qarnım acıqmaqdadır.”

Kiçik balıqlar ildırım sürəti ilə udularaq balıqudanın mədəsinə yollandılar. Doğrudan da işləri bitdi.

Qaraca balıq bu an qılıncını çıxarıb balıq udanın qarnını sökərək dışarıya tullandı. Balıqudan qarnının ağrısından bağırmağa başladı. Qaraca balığı izləmək istədi, ancaq başarmadı. Suya bataraq öldü.

Qaraca balıq getdi, getdi, getdi. Artıq günəş göyün ortasında idi. Artıq dağ dərə sona varmışdı. Çay geniş bir düzəngahda axırdı. Sağ-soldan bir neçə başqa çay da Qaraca balığın bulunduğu çaya qatılırdı. Qaraca balıq ömründə bu qədər su görməmişdi. Suyun çoxluğuna heyrət edir, ləzzət alırdı. Birdən özünə gəldi və gördü ki, suyun dibi görünmür. Nə qədər çabaladısa suyun dibini görə bilmədi. İstədiyi kimi suda üzürdü. Ancaq suyun həddi-hüdudunu görə bilmirdi. Bir an yekə bir heyvanın sürətlə ona tərəf gəldiyini sezdi. Bu heyvanın ağzının qabağında qayçı kimi bir mişar görünürdü. Qaraca balıq fikirləşdi ki, artıq ömrünün sonu gəlmiş və indicə mişarbalıq onu param-parça edəcək. Sürətlə özünü suyun üzərinə çıxardı. Bir azdan bir daha dənizin diblərini görmək üçün suyun dərinliklərinə daldı.

Suyun ortasında bir sürü balığa rast gəldi. Minlərcə, on minlərcə balıq sürüsü. Birisindən sordu: “Arxadaş, mən qərib birisiyəm. Uzaqlardan gəlirəm. Bura haradır?”

Balıq, arxadaşlarını səsləyərək dedi: “Baxınız, birisi daha gəlmiş.” Sonra da Qaraca balığa dedi: “Arxadaş, dənizə xoş gəlmisən.”

Balıqlardan bir başqası dedi: “Bütün çaylar və arxlar buraya tökülür. Ancaq bəziləri də bataqlıqlara hopur.”

Digəri dedi: “Nə zaman istəsən bizim dəstəmizə qatıla bilərsən.”

Qaraca balıq hədəfinə, dənizə çatdığı üçün sevinirdi. Dedi: “İzn versəniz çıxıb bir az tək başıma dənizi seyr edim, sonra gəlib sizə qatılaram. İstəyirəm bu dəfə balıqçıların torunu dartıb dənizin dibinə çəkdiyinizdə mən də aralarınızda olum.”

Balıqlardan biri dedi: “Tezliklə öz istəyinə çatarsan. İndi get seyr elə. Get gəz, ancaq dənizin üzünə çıxdığında balıqudan naqqaya rastlansan diqqətli ol. Naqqanın heç nədən qorxusu yoxdur. Hər gün dörd-beş balıq yeyir. Balıqların baş bəlası olmuş.”

Qaraca balıq balıqlar sürüsündən ayrılıb üzməyə başladı. Bir azcıq zaman keçdikdən sonra dənizin üzərinə çıxdı. Günəşli bir gün idi. Qaraca balıq günəşin dadlı hərarətini arxasında hiss edərək ləzzət alırdı. Böyük bir sevinc və mutluluq içində seyr edir və fikirləşirdi: “Ölüm hər an məni yaxalaya bilər. Ancaq mən başardığım qədər yaşamalı, ölümdən qaçmalıyam. Ancaq ölümlə qarşılaşa da bilərəm. Önəmli deyil, önəmli olan budur ki, mənim həyatım və ya ölümüm başqalarının həyatına necə təsir göstərəcəkdir.”

Qaraca balıq bu xəyallarından ayrılmadan balıq yeyən naqqaya tuş gəldi. Qaraca balıq naqqanın iki dimdiyi arasında çabalayır, vurnuxurdu. Naqqa Qaraca balığın belini yekə dimdikləri ilə elə sıxışdırırdı ki, az qalmışdı qaraca balığın canı çıxsın. Kiçik bir balıq sudan kənarda nə qədər diri qala bilər ki? Qaracabalıq fikirləşdi keşkə naqqa onu tez udsaydı. Çünkü onun mədəsindəki rütubət üzündən bir az daha diri qala bilərdi. Bu fikrini gerçəkləşdirmək üçün naqqaya dedi: “Niyə məni diri-diri udmursunuz? Mən o balıq türlərindənəm* ki, öldükdən sonra bədənləri zəhər tuluğuna dönür.”

Naqqa bir şey demədi, ancaq öz-özünə fikirləşdi: “Ay hoqqa baz. İstəyirsən məni söhbətə tutub ağzımdan çıxıb qaçasan.”

Sahil uzaqdan görünür və naqqa sahilə tərəf gedirdi. Qaraca balıq fikirləşdi: “Sahilə çatdıqdan sonra artıq mənim işim bitmişdir deməkdir.” Bu üzdən də dedi: “Bilirəm məni balalarına yem olaraq aparırsan. Ancaq mən sahilə çıxdıqdan sonra öləcəyəm, bədənim başdan ayağa zəhər olacaqdır. Balalarına yazığın gəlmirmi?”

Naqqa düşündü: “Ehtiyat da yaxşı şeydı. Səni özüm yeyərəm, balalarıma başqa balıq ovlaram... Ancaq baxım görüm məni aldatmır ki.” Naqqa bu fikirdə idi ki, gördü Qaraca balığın bədəni hərəkətsizləşmiş və tərpənmir. Fikirləşdi: “Yəni öldümü? Vay vay artıq özüm də yeyə bilməyəcəyəm. Bu qədər dadlı balığı nə haq özümə haram etdim. Əldən çıxardım.”

Bu üzdən qaraca balığa; “Hey kiçik balıq bir azcıq canın varmi səni yeyim, yoxsa ölmüsən?” deyə səslənmək istədi. Ancaq sözünü bitirə bilmədi. Ağzı açılar-açılmaz Qaraca balıq özünü dənizə atdı. Naqqa gördü ki, Qaraca balıq onu aldatmış, başladı qaraca balığın arxasına düşüb təqib etməyə. Qaraca balıq özünü qurtulmuş sanırdı, ancaq naqqa ildırım sürəti ilə onun arxasınca idi. Naqqa qaraca balığı yaxalayıb və yaxalacaq da uddu. Bu hadisə o qədər sürətlə gerçəkləşdi ki, Qaraca balıq nələr olduğunu anlaya bilmədi. Ancaq hər tərəfin rütubətli və qaranlıq olduğunu yavaş yavaş sezməyə başladı. Bir az daha zaman keçdikdən sonra bir ağlama səsi eşitdi. Gözləri qaranlığa alışdıqdan sonra bir küncə sıxılıb ağlayan, anasını çağıran kiçik bir balığı gördü.

Qaraca balıq ona yaxınlaşıb dedi: “Arxadaş, ağlamaq, ananı çağırmaq çarə deyildir. Qalx və öz azadlığının uğrunda fikirləş, bir işlər gör.”

Balıqcıq dedi: “Sən də daha kimsən, görmürsənmi məhv olmaqdayam. Uhu...uhu..uhu...ana...ay anaaa bir daha səninlə bir yerdə balıqçıların torlarını dartıb dənizin dibinə apara bilməyəcəyəm. Uhu... uhuu.”

Qaraca balıq dedi: “Kəs səsini, sən dünyada nə qədər balıq varsa hamısının abrını apardın.”

Balıqcıq ağlamasını durdurduqdan sonra Qaraca balıq dedi: “Mən naqqanı öldürmək və bütün balıqları bu qəddar heyvanın təhlükəsindən qurtarmaq istəyirəm. Ancaq mənim işlərimə qarışmamaq, əl ayağıma dolaşmamaq üçün öncə səni burdan azad edib dışarıya göndərməliyəm..”

Balıqcıq dedi: “Sən özün ölmək üzrəsən naqqanı necə öldürəcəksən?”

Qaraca balıq qılıncını göstərib dedi: “Bu qılıncla onun qarnını sökəcəyəm. Indi diqqətlə məni dinlə. Mən naqqanın qarnında rəqs etməyə başlayacağam. Bu zaman naqqanın qıdığı gələcək və başlayacaq gülməyə. Naqqanın ağzı açıldığı zaman sən özünü dışarıya tolla.”

Balıqcıq dedi: “sən özün nə olacaqsan?”

Qaraca balıq dedi: “Sən məni düşünmə. Mən bu qəddarı öldürməyənədək burdan çıxmayacağam.”

Qaraca balıq bu sözləri dedikdən sonra naqqanın qarnında rəqs etməyə başladı. Bu hərəkətdən xoşlanıb qıdıqlanan naqqa “haha hahah haha” güləməyə başladı. Bu an balıqcıq özünü naqqanın ağzından dışarı, dənizə atdı. Ancaq nə qədər gözlədi isə Qaraca balıqdan xəbər çıxmadı.

Bir az daha zaman keçdikdən sonra balıqcıq gördü ki, naqqa ağrıdan, dərddən gərnəşərək bağırmağa başladı. Sonra da şappıltı ilə donbalaq aşaraq suya düşüb can çəkişdi. Ancaq Qaraca balıqdan xəbər çıxmadı ki, çıxmadı. Bu günə qədər də ondan bir xəbəri olan yoxdur.

Yaşlı balıq nağılını bitirdi. On iki min nəvə nəticəsinə “artıq yatmaq vaxtıdır çocuqlar gedin yatın”- söylədi.

Yaşlı balığın nəvə nəticələri bir ağızla: “Nənə can Qaraca balığın sonunun necə olduğunu söyləmədin”- dedilər.

Nənə balıq dedi: “Evladlarım, o da qalsın gələn gecəyə. İndi isə gedib yatın. Gecəniz xeyirə qalsın.”

On bir min doqquz yüz doxsan doqquz kiçik balıq: “Sənin də gecən xeyirə qalsın nənə”- söyləyib yatdılar. Nənə balıq da yatdı. Ancaq kiçik qırmızı balıq nə qədər çalışdısa yata bilmədi. Yuxusu gəlmirdi. O, səhərdək dəniz eşqi ilə yerində çabalayıb durdu. Yalnız bir şey düşünürdü: DƏNİZ...

Çevirəni: Güntay Gəncalp
XS
SM
MD
LG