Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

Rövşən Danyeri "Yuxu" (Hekayə)


Göz qapaqlarını güclə aralayıb saata baxdı.Altıya on beş dəqiqə qalırdı. Hələ on beş dəqiqə yatmaq olardı.

Yastığı hərisliklə qucaqlayıb özünə tərəf çəkdi. Elə bil yatağa yenicə girirdi və hələ altı-yeddi saat yatacaqdı. Ancaq onun yalnız on beş dəqiqəsi var idi.

Sonra saatın zəngi çalacaqdı və o qalxmaq məcburiyyətində idi. Yuxulu da olsa bunu dərk edirdi.

Vaxt itirmədən yatmaq üçün beynində onu yoracaq kiçik hesablamalar aparmağa başladı və yuxuya getdi.

Yuxudan durdu və saata baxdı.Gözlərinə inanmadı.Saat yeddiyə on beş dəqiqə işləyirdi.

Saatın zəngini eşitmədiyi və gecikdiyi üçün başını yastığa sıxıb özünü məzəmmət etməyə başladı.

Amma bu da bir neçə saniyə çəkdi. Tələsmək lazım idi. Vaxt itirmək olmazdı.

Cəld yorğanı üstündən atıb ayağa qalxdı. Şalvarını götürüb geyinməyə başladı.

Sonra yenidən saata baxdı. Xeyr , bu yuxu deyildi, həqiqətən də yeddiyə işləyirdi.

Saatı yatağa tullayıb hamama girdi.Suyu açıb tələsik əl-üzünü yumağa başladı.

Birdən gözü güzgüyə sataşdı. Bir anlıq dayandı və diqqətlə özünə baxmağa başladı.

Vaxtında çatacağına ümidi azalırdı. Əl-üzyuyana söykəndi. Əlini saçlarına çəkdi.

Bir daha özünə baxdı. Ümidini tamamilə itirmişdi. Yox, heç cür gecikmək olmazdı.

Uzun müddət idi ki, bu görüşü gözləyirdi. Demək olar ki, dörd il ərzində hər gün bu görüşün xəyalı ilə yaşayırdı. Hətta deyəcəyi sözlər belə çox-çox əvvəldən hazır idi.

Suyu bağladı və əl-üzünü silə-silə hamamdan çıxdı. Hər şey mükəmməl olmalı idi. Heç cür ac getmək olmazdı. Fikri yalnız onda olmalı idi.

Mətbəxə keçib tavanı, yağı və yumurtanı çıxartdı. Qazı yandırdı və tavanı üstünə qoydu.

Sonra yağı tavaya atdı. Otağa qayıdıb dünəndən ütülədiyi köynəyini geyinməyə başladı.

Ən çox yaraşan köynəyi bu idi. Ağ , üzəri göy sızıqlı köynəyini görüş günü bilinəndə seçmişdi. Mətbəxə qayıtdı. Yumurtaları qırıb, tavaya tökdü.

Yumurta həddən artıq sarı idi. Sarı rəng ona özünü xoşbəxt hiss etməkdə kömək edirdi.

Onunla tanış olduğu günü xatırladı. Günlərdi hazırladığı sözləri deyəcəkdi.

Qarşısına çıxanda isə heç bir şey deyə bilməmişdi.Qız onun bu halına gülmüşdü.

Bu axmaq vəziyyətdə onun da gülməkdən başqa çarəsi qalmamışdı.

Elə bu gülüş ilə sözlərdən daha çox şey deyə bilmişdi və hər şey beləcə başlamışdı.

Barmağının tavaya dəyməsi ilə qışqırması bir oldu. Birtəhər qazı söndürüb hamama qaçdı.

Suyu açıb barmağını suyun altına saldı. Bu onun ağrısını yüngülləşdirirdi. Ağrı hissi və çarəsizlik ona ayrıldıqları günü xatırlatdı.

İlk günkü kimi heç bir şey demədən ayrılmışdılar. Əslində bir yerdə olduqları müddət ərzində demək olar ki, heç danışmırdılar.

Heç biri danışmağı sevməzdi. Hətta görüşəndə belə salam vermədən , heç bir söz demədən əl-ələ tutub gedərdilər.

Münasibətləri dostlarına qəribə gələrdi. Ancaq onlar üçün qəribə heç nə yox idi.

Sözlər olmadan bir-birilərini başa düşə bildikləri üçün özlərini xoşbəxt hiss edirdilər.

Həmin gün də heç bir şey demədən , gözlərinə baxa-baxa , əl-ələ tutuşaraq ayrılmışdılar.

İkisi də daha ayrılacaqlarını bilirdilər. Ancaq yenə də o an bir yerdə ola bildikləri üçün xoşbəxt idilər.

Suyu bağlayıb otağa qayıtdı. Güzgüdə özünə baxdı. İlahi, bu nə idi?!

Köynəyi büsbütün su olmuşdu. Sanki hansısa qüvvə bu günkü görüşün baş tutmasını istəmirdi.

Əsəbi halda köynəyini çıxartdı və yerə atdı. Yatağında oturub başını əllərinin arasına aldı.

Nəyə görə belə olurdu?! Axı , o bu görüşü çoxdan gözləyirdi. Gözü yenə saata ilişdi.

Saat yeddinin yarısı idi. Hələ də çatmaq ümidi var idi. Tez ayağa durdu və dolabın qapısını açdı.

Köynəklərindən birini götürdü. Heç getməməkdənsə bu formada getmək daha yaxşı idi. Köynəyini geyinib qapıya tərəf getdi. Ayaqqabılarını geyinməyə başladı.

Bu vaxt qapının zəngi çalındı. Səhər tezdən kim idi gələn?Axı, o qonaq gözləmirdi.Qapını açmaq istədi , amma qapı açılmırdı. Zəng isə dayanmadan çalırdı.

Bir daha cəhd göstərdi. Yenə alınmadı. Dəli olacaqdı...

Səksənərək yuxudan oyandı.Yatağında oturdu. Hələ də nə baş verdiyini dərk etmirdi.

Saatın zəngi isə elə hey çalırdı. Bir müddət bu vəziyyətdə oturduqdan sonra saatın zəngini eşitdi.

Zəngi söndürüb, saata baxdı.Saat hələ altı idi.Bütün bunların yuxu olduğunu başa düşdü.

Paltarını geyinib əl-üzünü yudu. Birdən yuxusu yadına düşdü. Gecikməmək üçün yemək yeməməyi qərara aldı. Özünü qaydaya saldı və evdən çıxdı.

Bir az piyada gedərək qarşısına çıxan ilk taksiyə oturdu. Artıq onunla görüşməyinə az qalırdı.

Dörd il ərzində demək olar ki, hər gün bu görüşü xəyal edirdi.

Bu istəyi kiminləsə uzunmüddətli münasibət qurmasına mane olurdu. Kiməsə bağlanar, onunla görüşə əvvəlki tək istəkli olmaz qorxusu ilə heç kimlə iki aydan artıq münasibət qurmazdı.

Onun yerini keçən il dostlarından təsadüf nəticəsində öyrənmişdi.

Bir müddət onunla əlaqə yaratmağa cəhd etdi. Daha sonra telefonla danışa bildi.

Demək olar ki, bir ildi hər gün onu görüşməyə razı salmaq üçün çalışırdı. Nəhayət bu gün, yalnız on beş dəqiqəlik görüşə biləcəkdilər. Onun üçün bu on beş dəqiqə dörd ilin əvəzini verəcəkdi.

Bəlkə onu burda qalmağa razı sala bildi. Hər halda onunla on beş dəqiqə keçirsəydi, daha dörd il gözləməyə razı olardı.
Taksi vağzala çatdı.

O, taksinin pulunu verib platformaya getdi. Həyəcandan heç nə fikirləşə bilmirdi.Uşaq kimi sevinirdi.

Beləcə on beş dəqiqə gözlədi. Budur qatar gəlirdi.Qatarın taqqıltısı ona xoş gəldi.

Bir anın içində həzin musiqi tək sevdi bu səsi.Qatar yavaşımağa başladı. Budur, o, pəncərədən göründü. İlahi, heç dəyişməmişdi.

Elə ayrıldıqları günkü paltar var idi üstündə. Bənövşəyi paltarı sarı dərisinə uyğun gəlirdi.

O, gülümsəyirdi. Sanki ürəyi dayanacaqdı. Gözlərinə baxmağa başladı. Ayrıldıqları günkü kimi ümidsiz və soyuq baxırdı.Qatar birdən surətini artırmağa başladı.

Axı, dayanmalı idi. Heç nə başa düşmürdü. Qatar isə getdikcə surətini artırırdı.

O, qatarın arxasınca qaçmağa başladı. Getdikcə tənginəfəs olurdu.

Qaça bilməyəcəyini anladı və dayandı. Yalnız xırıltılı səs ilə -Yooox ! deyə qışqırdı.
Yooox!- deyə yuxudan oyandı.

Ətrafına nəzər salmağa başladı. Hər tərəf qaranlıq idi. Bədəni tər içində idi.

Yanında yatan qadını görüb səksəndi. Yorğanı xəfifcə üstündən atdı və yatağından qalxdı.

Eyvana çıxdı və siqaret yandırdı.Siqaret və açıq hava ona oyanmağa kömək edirdi.

Səkkiz il idi ki, evliydi. İki uşaqları var idi. Bəs bu yuxuydu?

Bu gün baş verənləri xatırlamağa başladı. Bir neçə il idi ki, həyatında heç nə dəyişmirdi.

O, ev, iş ailə qayğıları ətrafında dövrə vururdu. Bu günə qədər heç şikayətçi deyildi. Ancaq bu səhər onu gördüyü an həyatının necə də cansıxıcı olduğunu anladı.

Uzun saçları , sarışın bədəni sanki yağışın altında əriyib yox olacaqdı. O duruxdu.

Fikirlərini kiminsə oxuyacağından qorxaraq ətrafına boylandı. Yataq otağına gedib astaca qapını araladı. Arvadı hələ də yatırdı.

Ürəyi sakitləşdi. Qapını bağlayıb eyvana qayıtdı. Siqaretindən dərin bir qullam alaraq yenidən onu düşünməyə başladı.

Elə onu gördüyü andaca onun arxasınca getmək istəmişdi. Arxasınca getdiyini, pilləkənlərdə qızın onun gördüyünü və heç nə demədən dəlicəsinə öpüşməyə başladıqlarını xəyal etmişdi.

Bu düşüncələr onu bütün gün ərzində rahat buraxmamışdı.

İşdə də, yolda da elə hey darıxır, vaxtın tez keçməsini istəyirdi. Onu birdaha görə bilmək ümidi ilə səhərin tez gəlməyini arzulayırdı.

Siqaretdən bir qullam da alıb məhəccərdə söndürdü və eyvandan aşağı atdı. Qayıdıb yatağına girdi. Bircə tez yuxuya gedə bilsəydi!

Onda onu daha tez görərdi. Ancaq heç cür gözünə yuxu getmirdi. Artıq hava işıqlaşırdı. Ancaq onun gözünə hələ də yuxu getmirdi...
XS
SM
MD
LG