Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:00

Adil Şirin. Laçın dağları, Qış tənhalığı, Tənhalıq...


Laçın dağları


Dumanım harda qaldı
Gümanım harda qaldı,
Umanım harda qaldı –
Umudum Laçın dağları…

İtirin izlərimi
Unudun sözlərimi
Qapasın gözlərimi
Buludun Laçın dağları.

Yuxumda qar yağır gecə
Hər gecə bir işgəncə,
O gözəl günləri necə
Unudum Laçın dağları…


Tənhalıq

Hardan əsdi bu rüzgar,
Hardan gəldi xəstəlik.
Ömürdən-gündən bezib,
Yaşayırıq hələlik.

Tənhayam yer üzündə,
Təsəlli verənim yox.
Bütün qapılar bağlı,
Üzümü görənim yox.

Nə yaşamağa həvəs,
Nə ölməyə gücüm var.
Halıma yanıb ağla -
Hardan əsdi bu rüzgar?


Qış tənhalığı

Yöndəmsiz bir ömür yaşayıram
bu qış günləri
bir tərəfdə
haçansa oxunmuş kitablar
bir tərəfdəsə
yuyulmamış qab-qacaq
bir də
sənin bəyaz xəyalın.
Qaz sobasından düşən
solğun işıqda
işıqlanır tənha otaq
əriyib tökülür
mənim tənha ömrümə
dünəndən yağan
yumşaq qar damlaları.
Sənin
bəyaz xəyalın
gülümsədikcə
ürəyim sıxılır qış axşamları.
Divar boyu süzüldükcə
axdıqca
damda əriyən qar
xəyalın
qaranlıqdan gözlərimə baxdıqca
uçub tökülür tavan.
Qopub tökülür üstümə
yozulmamış yuxularım
puç olmuş arzularım
boşuna umudlarım…

Alatoran, 2004
XS
SM
MD
LG