Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:20

Gülər Miryəhya "Qətl" (Hekayə)


Saçları dağınıq, gözləri sevincli, dayanmadan nəsə danışır, gülür, yeriyir...

Mən bunları görürdüm, bu özüm idim həm də ağ-qara fonda.

Daha heç kəs əlimi tutmayacaq, daha heç kəs məni xilas etməyəcək.

İlk dəfə bu şəhərə gələndə o qədər həyacanlıydım ki, qatar, kupe, pəncərədən sürətlə gözlərimi aparan mənzərələr yuxu kimi görünürdü.

Elə bil ki, özümü qoca bir kitabın səhifələrindən oxuyurdum.

Dəqiq yadımdadır, hətta özüm haqqında qəhrəmanın dilindən danışırdım.

“O qatarda gedirdi, balaca dəmir stolun üstündə çaydan, özü ilə götürdüyü toyuğun səhər yediyindən qalıqları, bir stəkan çay var idi. O kədərlə pəncərədən çölə baxırdı, heç vaxt getmədiyi şəhəri xəyal edirdi.”

Sonra vağzal, taksi, ev hər şey ildırım kimi keçdi. Yağış yağırdı şəhərə və mən çox xoşlamışdım yeni şəhərin yağışını.

Uzun körpü ilə gəzməyə çıxmışdım və yanımdan anlamadığım dildə danışan insanlar keçirdi.

Körpünün tutacağına keçirdiyi yıpranmış, yöndəmsiz çətirin altında gitara çalan küçə musiqiçisini nə az nə çox bir saat dinləmişdim.

Yerə, qarşısına qoyduğu gitaranın qabına xırda pul atanda əlimdən tutub gəl evlənək demişdi.

Cılız romantika deyildi, səmimi görünürdü. Hətta onunla evlənməyi də düşünmüşdüm bir anlıq, amma gülüb keçdim.

Sonra yağışdan möhkəm islanmış halda evə gəlib, kofe içib, pəncərədən baxmışdım.

Uşaqlıqda valideynlərim tez-tez dalaşardı, qışqırıqlarından qulaqlarımı tutub həyətimizdəki gizli yerimə qaçırdım. O yer əvvəllər toyuq hini idi, indi dəmir çəpərin üstünü və kənarlarını sarmaşıq bağlamışdı.

İçəridə oturub fikirləşirdim, xəyallar qururdum.

Köhnə hində ağcaqanadlar qaynaşardı həmişə, hətta qışda da.

Fikirləşirdim ki, bax birdən bu ağcaqanadlardan biri ən sevdiyim nağılda olduğu kimi qanadlı pəriyə dönür, çiynimə qonur, deyir ki üç arzunu de yerinə yetirim.

İki arzunu həmişə bilirdim: çoxlu pul və zamanı idarə etmək qabiliyyəti.

Üçüncü arzunu heç vaxt tapmazdım. İndi yıxıldığım bu qaranlıq küncdə yenə o pəri gəlsə iki arzunu deyərdim.

Zamanı idarə edib o yağışlı günə düşərdim.

Üçüncü arzunu isə indi bilirəm. Onunla heç vaxt rastlaşmamaq istərdim.

Həmin yağışlı gündə pəncərədən baxıb, kofe içərkən qapımın döyülməməsini istərdim.

O gün qapım döyüləndə təəccübləndim. Bu şəhərə yerləşdiyim ilk gün idi, ev sahibəsi də səhər evi təhvil verib getmişdi.

Gözlükdən baxanda yaşlı adamı gördüm. Qapını açdım.

Nəsə danışdı, gözlərimi döyüb baxdığımı görəndə kağız uzatdı. Aldım, bir daha sakit üzümə baxıb, çevrilib getdi.

Saçları vaxtından əvvəl ağarmışdı, o dəqiqə hiss edilirdi. Gözləri bulanıq, üzü qırışmışdı.

Qapını bağlayıb, özümü qəribə məktuba hazırlayırdım amma kağızda sadəcə ünvan vardı.

Qarmaqarışıq, tələsik xəttlə yazılmış ünvan. Stolun üstünə atdım və unutdum. Bir neçə gün heç yadıma da düşmədi.

Bir gün evimi təmizləyəndə stolun üstünü səliqəyə salırdım və kağızı yenidən gördüm. Maraq üstələdi, getməyə hazırlaşdım.

Qapını orta yaşlı qadın açdı, öz dilində nəsə soruşdu. Kağızı uzatdım, gözləri doldu, ağlamağa başladı.

Qadın nəsə danışırdı, başa düşmürdüm. Anlamadığımı başa düşdü və əlimdən tutub evə çəkdi.

Divarlardan birinə söykənmiş, ayaqlarından biri sındığından lentlə sarınmış köhnə kamodun yanına gətirdi.

Kamodun üstündəki bir şəkli göstərdi, onun şəkli idi - qapıma gələn adamın. Qucağında balaca qız, yanında həmin bu qadın yaşıl parkda oturmuşdular.

Gülürdü adam, qucağındakı qız da, qadın isə çox gözəl idi.

Sonra qadın başını aşağı saldı, bir neçə dəfə xaç çevirib, baxışlarını ikonaya zillədi,qara geyimini indi gördüm.

Sonra qadın əlimə saralmış qəzet basdı və üzünü çevirdi. Çıxdım evdən.

Qəzetin mənə verilən səhifəsində adamın, qadının, qızın şəkilləri var idi. Əlbəttə ki, tərcümə etdirdim.

O adam, qapımı döyən o adam qatil idi.

Bir gecə ağlını itirib qızını öldürmüşdü, qadın şkafda gizlənib canını qurtarmışdı. Adam isə qaçmışdı.

Növbəti dəfə gələndə qorxdum, amma büruzə vermədim. İçəri keçdi yanımdam. Eləcə, icazə almadan, öz evi imiş kimi keçdi içəri.

Paltomu çıxardı asılqandan, üstümə atdı.

Dinməzcə istədiyinə əməl etdim. Geyindim və əlimdən tutdu.

Canlı idi əli, isti idi. Yumşaq tutmuşdu əlimi, bu kobud əlin əlimi incitmək istəmədiyini hiss edirdim. Getdik, uzun-uzun getdik.

Qəbiristanlığa apardı məni. Qızının qəbri üstünə. Qəbrə baxdı, kinayə ilə güldü. Pencəyinin döş cibindən bağlama çıxardı.

Bağlamada kamodun üstündəki şəklin eynisi var idi, bir də əzik, çirklənmiş kağız. Kağızda karandaşla çəkilmiş rəsm mənə çox oxşayırdı, qızına da. Sonra qatarı yamsıladı, vağzalı göstərdi, məni göstərdi.

Vağzalda çemodanımı yerə qoyub, xeyli insanları izləmişdim.

Orada imiş. Məni görüb, qızının xəyalən on il sonrakı halını çəkdiyi şəklə bənzətmişdi, izləmişdi.

Elə bilirdi qızıyam. Sonra şəhərin ən uca yerində, ən uca təpəsinə getdik. Bütün şəhər ovuc içi kimi görünürdü.

Köhnə, ciblərinin yırtığı uzaqdan bilinən nimdaş kostyumlu bu adam o qədər isti və mehriban idi ki, ata əli kimi.

Məni heç vaxt sevməyən atamın əli soyuq olurdu. Bu xəyal etdiyim ata əli idi. Tanımadığım olsa da, dilini anlamasam da. O isə susmurdu, danışırdı.

Kədərlənirdi, hirslənirdi, bir dəfə hətta qəzəblə yumruğunu da silkələdi şəhərə. Sonra opera binasına apardı, kassaya itələdi.

Gözləri ilə yalvarırdı, bileti aldım. O qadının səsi... indi bu saniyə o səsi bir də eşitmək üçün nələrimi verməzdim ki.

O isə ağlayırdı, təbii hüznlə, təbii kədərlə ağlayırdı.

Çiyinləri titrəyirdi. Bir anlıq musiqiyə daldım və sonra yanımda olmadığını gördüm. Bütün hər yeri axtardım, hər yeri amma tapmadım onu.

21 dekabr. Bu o qanlı hadisənin baş verdiyi tarix idi. On bil bundan əvvəl, 21 dekabr.

O gün narahat idim, nəsə olacağını bilirdim. Artıq gözləməkdən yorulmuşdum, gecə idi, yatmağa hazırlaşırdım ki, qapı döyüldü, o idi.

Əlimi tutdu və arxasınca dartmağa başladı. Şəhərin ən murdar küçələrindən biri ilə gedirdik.

Hər yer palçıq idi, havadan kanalizasiya qoxusu gəlirdi. Yorulmuşdum, o isə dayanmırdı.

Bir-birinə sığınmış, kasıb, balaca evlərin arası ilə gedirdik. Balaca daxmanın qabağında dayandıq. Əli titrəyə-titrəyə qapını açdı.

Otaq başdan ayağa qəzet səhifələri ilə dolu idi. Hər tərəf qəzet idi.

Qan, müharibə, ölüm, qəza, itkin düşmüş gənclər, həbsə atılmış manyaklar, aclıq.

Özümü itirmişdim, o isə dayanmadan gah bu gah o qəzetin yanında dayanır, nəyisə qızğın halda sübut etməyə çalışırdı.

Sonra qlobusu göstərib, əlini gicgahında oynatdı- dünya dəli olub. Qızının şəklini göstərdi, xaç göstərdi - o, onsuz da öləcəkdi.

Sonra iki əlini sinəsinə çarpazladı, gözlərində bir neçə damla yaş tələsik boşluğu itələdi - mənim günahım yoxdu.

Otağın bir divarındakı qalın kəfkirli saat on ikini vurdu. Hadisənin baş verdiyi saatı.

Bir anlıq dayandı, baxdı. Qıyqacı baxışlarında dəhşətlə hüzn birləşmişdi.

Geri çəkildim, qapıdan çıxıb var gücümlə qaçarkən arxadan yaxaladı.

Qaranlığa çəkdi, cibindən çıxardığı bıçaqla zərbələr endirdi.

Qızına vurduğu zərbələri. Mən artıq özümü müdafiə etmirdim, gözlərinin içinə baxırdım. Bir insan bu qədər əzab çəkə bilərmiş.

Gözlərindən yaş dayanmadan axırdı, qışqırırdı. Süst qalmışdım, ağrını hiss etmirdim.

Ayağa qalxdı, başımın üstünə əyilib gözlərimdən axan yaşı sildi, alnımdan öpdü.

Bıçağı boynuna, şah damarına çəkdi və yanıma yıxıldı.
Hər şey uzun-uzun keçdi gözlərimin önündən. İnsanlar bədbəxtdirlər. Hər kəs bədbəxtdi.

Bu ölkəyə gələndə hər şeyə yenidən başlaya biləcəyimi düşünmüşdüm. Xoşbəxt olacağımı.

Heç vaxt sevgilim olmamışdı, gözəl deyildim və çox bədbəxt idim. Heç kəs ağırlığımı bölüşmək istəmirdi.

Bu şəhərdə məni sevən biri ilə gəzəcəkdim, həyacanlı, tez-tez arxaya baxıb güləcəkdim, susmadan danışacaqdım, külək saçlarımı oynadacaqdı.

Gərək o küçə musiqiçisi ilə evlənəydim. Bitdi.

Daha heç kəs məni xilas etməyəcək. Daha heç kəs əlimdən tutmayacaq.

29.01.2011
XS
SM
MD
LG