Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:07

ZAUR "Facebookda məhəbbət"


Facebook şəbəkəsindəki dostlarıma ithaf edirəm.

Bu gün o, özünü çox pis hiss edirdi, dişi ağrıyırdı.

Müxbir işlədiyi qəzetin baş redaktorundan icazə alıb, yarımçıq işdən çıxıb, evə gəlmiş, ağrının kəsmədiyini görüb, anasıyla birgə qonşuluqdakı diş həkiminə gedib, dişini çəkdirmişdi.

İndi də yanağı, dili, damağı iynənin təsirindən keyidiyi üçün özünü yaxşı hiss etmirdi.

Bu gün heç onunla da danışmamışdı.

Ürəyi, sıxılırdı: “Görən indi nə edir, bəlkə, bu gün mən orda olmamışam deyə, artıq başqa oğlanla danışır” – düşüncəsiylə birtəhər yerinə uzanıb, notebookunu açıb, internetə qoşulandan sonra, facebook səhifəsinə daxil oldu.

Xətdə olanların siyahısında onun adını görüb, gözləri güldü, ürəyi sevindi.

Dərhal onun adının üstünə vuraraq, açılan kiçik pəncərədə yazdı:

- Xoş gördük!

Cavab gəlincəyə qədər notebookun musiqi oxudanını qoşdu.

Ən çox sevdiyi şərqi səslənirdi. Hansı ki, bu şərqini təkrar – təkrar dinləməkdən usanmırdı. Bu, rəhmətlik Barış Akarsunun ifasında “Gel, gör, aşk beni neyledi” şərqisiydi.

Gah eserim yeller gibi,
Gah tozarım yollar gibi,
Gah akarım seller gibi,
Gel, gör, aşk beni neyledi?!

Bu yerdə deyəsən, cavab gəldi.

- Xoş günün olsun! Bu gün nə yaman gec gəldin?

- Bir az işim vardı...

- Hə...

- Sevgilin necədi?

- Xəbərim yoxdu, bu gün işi çox olub deyə, facebooka gec gəldi.

- Nə deyir, hardaydı?

- Demir, eləcə deyir ki, işim çox olub.

Fərid səhifənin üstündə kiçik baş işarəsi olan yerin qızardığını görüb:

- Merva, bir dəqiqəliyinə gözlə, mənə dostluq təklifi gəlib, ona baxım, indi sənə yazıram.

Fərid notebookunun ekranini bir az geriyə çəkərək, dostluq təklifinin üzərinə vurdu.

Təklif gondərən oğlan idi. Həmişə olduğu kimi dostluq təklifinin oğlandan gəldiyini görüb, birinci qəbul etmək istəmədi, daha sonra nə düşündüsə, “Təsdiqlə” düyməsini vurdu.

- Hə...Burdasan?

Mervadan cavab gələnəcən yeni dostunun profilini nəzərdən keçirdi.

Dostu Kabus adlı bu cavan oğlan məlumatlarında meyxanaçı olduğunu yazırdı. Fərid bir anlığa bu dostluğu qəbul edtdiyi üçün peşiman oldu.

Çünki zəhləsi gedirdi meyxanaçılardan. Dediyinə görə meyxana avaraların peşəsidi...

Notebookdan “tık” səsi eşidilərək, yeni mesaj gəldiyini bildirir və Fərid əsas səhifəyə qayıdıb, mesajın Mervadan olduğunu görür.

- Bağışla, uzaqlaşmışdım, indi gəldim.

- Hardaydın?

- Dedi, gözlə gəlirəm, o, gəlincəyə qədər mən də özümə çay süzürdüm. Gəldim gördüm, sən yazmısan.

- Hə...

- Sənin sevgilin necədi?

- Yaxşıdı.

- Daha səni incidmir ki?..

- İncitmirdə sözdü...

- Nə olub, yenə?

- Nə olacaq, bir aydan çoxdu ki, burda danışırıq, amma nə qədər and – aman edirəm ki, bu virtual münasibəti bitirib,reala keçək, razılıq vermir ki, vermir...

Fərid Merva cavab yazana qədər səhifənin üst tərəfində “Nə düşünürsən” pəncərəsinə vuraraq, bu sözləri yazır: “Bu gün dişim yaman ağrıyırdı.

Getdim həkimə çəkdirim, həkim bir iynə vurdu, keyimədi, ikinci iynəni də vurdu, yenə keyimədi. Sonda məcbur olub, çəkdi dişimi. Elə pis ağrıdı ki...”

Fərid bu fikirlərini paylaşmamış, yenidən “tık” səsi eşidildi və səhifənin alt hissəsində “Merva Sunel” yazılan kiçik pəncərə qızararaq, üzərində 1 rəqəmi göründü. Bu da o demək idi ki, Merva Fəridə nəsə yazmışdı.

O, yazdığı fikirləri “Paylaş”ı vuraraq, dostlarıyla bölüşdü və dərhal da nigaran halda Merva yazan kiçik çat pəncərəsini açdı.

- Bax, Fərid, sən düz etmirsən. Siz hələ yeni tanış olmusunuz. Gərək bir – birinizi tanıyasınız. Mənimki də məcbur edir ki, görüşək. Amma mən razılıq vermirəm.

Fərid həmişə olduğu kimi Mervanın bu sözlərindən əsəbləşərək, notebookun incə yazı düymələrini möhkəm basaraq cavab yazdı:

- Siz qızlar beləsiniz də... Adamı öldürməsəniz, əl çəkən deyilsiniz...

Cavab gəlincəyə qədər bayaq paylaşdığı fikirlərə dostlarının nə münasibət bildirdiklərinə nəzər saldı. Dostların əksəriyyəti: “Dişini, soyuğa vermə yoxsa, nəticəsi ağır ola bilər” – deyə yazırdılar. Yenidən “tık” səsi Mervanın cavab yazdığını göstərdi. O dərhal “Merva” yazılan pəncərəyə vurdu.

- Sənə deməmişəm, ölməkdən danışma?! Bax, sənə bir təklifim var. Sən icazə versən, mən həmin qızla danışıb, günü sabaha sizin görüşünüzü təşkil edə bilərəm...

Onun ürəyi sevindi. Görən, Merva bunu bacaracaqdımı?..

- Niyədə razı olmayım ki?! Nə olar, xahiş edirəm, onu razı sal. Sən onu razı salsan, mən sənin oğlanına başa salaram ki, bir də səni incitməsin. Ok?
Az keçməmiş, Mervadan: - Ok, - mesajı gəldi.

Həkimdən gələndən ağzının keyidiyinə görə, əhvalı yaxşı olmayan Fəridin ağrı – çəkilmiş dişinin yerinin giziltisini əks edən üzündə sanki sevinc əks olundu. Görən, Merva razı olacaqdımı?

Bu arada yenidən “tık” səsi və “Merva Sunel” yazılan pəncərə qızarır.

- Bax, Fərid, onunla danışdım. Birtəhər, yola gətirmişəm. Sabah saat 14:00 – da səni 20 yanvar metrosunun yanında – Azersunun qarşısında gözləyəcək.
Fərid bu sözlərə inana bilmədi. İlk öncə ona elə gəldi ki, Merva onunla zarafat edir.

Çünki bir aydan çoxdu ki, onunla burada danışırdılar. Nə qədər yalvarıb – yaxarmış, peşiman olmayacağını inandırmaq üçün andlar etmişdisə də, yola gətirə bilməmiş, görüşmək istəməmişdi. Hətta onlar bir – birinin səslərini belə eşitməmişdilər.

Bir ara Fərid öz nömrəsin ona verib, zəng etməsini demişdisə də, qız razı olmayıb, zəng etməmişdi. Fəridin məlumatlarında şəkili olsa da, onun məlumatında şəkili belə yoxdu.

Odur ki, Fərid bu qızın necə olduğundan tamamilə xəbərsiz idi. Hətta yaşını belə bilmirdi. Bir dəfə yaşını soruşmuş, o, isə: - Utanmırsan, qızdan yaş soruşursan, - deyərək, zavalı Fəridi pərt etmişdi. Odur ki, o, həmin qızı sözlərində sevirdi. Bu sevgini də, onunla hər gün bir neçə saat danışmadan dura bilmədiyindən hiss edirdi.

Artıq Fərid öz xəyallarında bir neçə dəfə üzünü belə görmədiyi, səsini belə eşitmədiyi, yaşını belə bilmədiyi bu qızla bir neçə dəfə evlənib, boşanırdılar da.

O, bu barədə anasına da demişdi. Anası da köhnə fikirli qadın olduğu üçün: - Bir elə o qalmışdı ki, internetdə tapdığın qızı gətirib, mənim evimə salasan hə, - deyərək, oğlunu bu yoldan çəkindirməyə çalışmışdısa da, lakin bacarmamışdı. Fərid artıq onu sevirdi. Hə, bir şeyi də demək yadəmdan çıxmışdı.

Fərid hələ bu günə qədər bir dəfə də olsun onunla danışarkən bir – birinə müraciətlə danışmırdılar. Amma sözsüz ki, söhbətin onlardan getdiyini bilmək çətin deyildi.

Bir xeyli düşünəndən sonra:

- Merva, axı mən onu heç görməmişəm. O, yenə burda mənim şəklimi görüb. Biz bir – birimizi necə tanıyacağıq, - yazaraq, “Enter” düyməsin vurub, göndərdi.

Fərid ən xoş anlarını yaşayırdı. Hər şeyi – damağındakı ağrını da unutmuşdu. İçindən ayağa qalxıb oynamaq keçirdi. Lakin səslənən şərqinin musiqisi elə idi ki, onun sədaları altında oynamaq yox, yellənmək olardı.

Yenidən “tıkıltı” səsi eşidildi. Bununla bərabər Fəridin bayaq paylaşdığı fikirlərə də şərhlər gəldiyi barədə məlumatlar gəlirdi.

Amma indi onu həmin şərhlər yox, Mervanın həmin qızla danışandan sonra nə cavab verəcəyi maraqlandırırdı. O, tələsik, çat pəncərəsini açdı.

- Danışdım, dedi ki, narahat olmasın, dediyim vaxtda orda olsun, mən özüm ona yaxınlaşacağam...

Fərid bu sözlərə inana bilmirdi. O, yenidən tələsik cavab yazdı.

- Ok! Sabah saat 14:00 – da dediyi vaxta da orda olacağam. Merva, sən də çox sağ ol ki, əlindən gələni əsirgəmirsən...

“Enter” düyməsini vurub, yolladı və yenidən yazmağa başladı.

- Bax, sənin bu yaxşılığının qarşısında mən də o, oğlanla danışdım, mənə söz verdi ki, bundan sonra səni incitməyəcək, görüşəndən sonra hər gün vaxtlı – vaxtında netə girib, səninlə danışacaq ki, nigaran qalmayasan...

Az keçməmiş, Mervadan cavab gəldi:

- Ok, Fərid, mən indi çıxmalıyam, görən, o, daha ağrımır ki?..

Fərid bir xeyli düşündükdən sonra:

- Yox, narahat olma, mən ona bir şad xəbər vermişəmki, hər şeyi unudub.

- Ok, mən çıxdım, sən də çıx.

- Ok!

Fərid də internet əlaqəni kəsib, facebook səhifəsini də bağladı. O qədər sevinirdi ki, bilmirdi nə etsin. Həmişə olduğu kimi bu sevincini də ilk olaraq, anasıyla bölüşdü:

- Ana, sabah onunla görüşürəm.

- Kiminlə ədə?

- Sənə dediyim qızla.

Anası başını sağa – sola edərək, etirazını bildirib, gileyləndi:

- Deyirəm, indiki oğlanları heç nə maraqlandırmır e... Tanımır, bilmir, görüşmək adı eşidib, ürəyi gedir. Bir qız ki, internetdi, nədi, onu sağ gəlib, çıxmayaydı, buralara...

Heyif deyildi, rusun dövrü, cavanlar günlərin kitab oxumaqla keçirirdilər. Bu interneti çıxartdılar, balalarımızı da korladılar. Əvvəllər qızın nəslin, kökün araşdırmamış, almazdılar.

Amma indiki oğlanlar internete girib, görmədiklərinə aşiq olub, görüşüb, evlənirlər də...

O internetdə qurulan ailədən nə ailə olacaq?

Fərid anasının sözlərində hardasa bir həqiqət duyurdu. Amma bu həqiqətdən də böyük həqiqət Fəridin onu sevməsiydi. Nə olursa, olsun, Fərid onunla ailə quracaqdı. Fəridə görə onun xarici görkəminin də əhəmiyyəti yoxdu.

Fərid onun yazdığı sözlərdən, diqətliliyindən ürəyini sevirdi. Həmişə də düşünürdü ki, xarici gözəllik mənasız bir şeydi.

Əgər, kimsə öz sevdiyini xarici görkəminə görə bəyənib, sevirsə, demək, həmin münasibətə saf sevgi demək olmaz. Xarici gözəllik elə bir şeydi ki, onu hər an itirmək qorxusu var.

Məsələn hər hansı bir qəzaya uğruyub, həmin gözəlliyi itirə bilərsən. Deməli, həmin qəzadan sonra sevdiyin də səni sevməyəcək, atacaqdı.

Amma daxilini sevən insan isə nə olursa, olsun, daima səni sevəcək, hətta xarici gözəlliyini itirməyinin belə onun üçün əhəmiyyəti olmayacaqdı. Axı o, sənin daxili aləmini sevirdi...

***

O, bütün gecəni narahat yatdı. Yuxusunda gözəl bir qızla sevişdiyini də gördü. Ona elə gəlirdi ki, bu qız odur. Yuxuda onunla birgə olduğu üçün özünü çox xoşbəxt hesab edirdi.

Fərid saata baxdı. Artıq evdən çıxmalıydı. Notubookunu açıb, facebook səhifəsinə daxil olub, Mervanın orda olub, olmadığına baxdı. Merva orda yox idi. Bir xeyli də dostluq, səhifə, qrup təklifləri gəlmişdi.

Hər zaman göndərilən dostluq təkliflərinə maraqlı olan Fərid bu dəfə səhifəni bağlayıb, internet elaqəsini kəsib, güzgünün qarşısına keçib, saçını daradı. Anası Vüsalə oğlunun tələsdiyini görüb, acıqlandı:

- Hara belə, o, internet qızıyla görüşməyə gedirsən?!

- Ana, o, elə qız deyil. Sən hələ onu tanımırsan...

- Neynirəm, onu tanıyım, - deyərək, Vüsalə bir az mülayim tərzdə oğluna:

- Ay bala, ağlını başına yığ. Tanımırsan kimdi, nəçidi, bəlkə elə, başqa bir adam göndərib, səni öldürtdürəcək?!.

Fərid gülümsəyərək:

- Ana, sən də elə danışırsan ki, mən kiməm ki, məgər hansısa vəzifənin – zadın sahibiyəm, məni öldürməyə maraqlı insanlar olsun?! Narahat olma. Gedim, bir neçə saata qayıdıb, gəlirəm.

Vüsalə nə qədər təkid etsə də, Fərid tələsik evdən çıxıb, avtobusa mindi. Yol boyu yuxuda gördüyü qızı xatırlayıb, o, olduğunu düşündü.

20 Yanvar metrostansiyasında düşüb, tələsik, yolu keçib, Azərsu Səhimdar Cəmiyyətinin qarşısında dayandı.

Burada xeyli insanlar vardı. Kimisi yerdə qaçaq yolla gətirilən siqaret qoyub satır, kimisi, eynək, kimisi də lotareya, kontur...

Hələ sizə qaraçı uşaqlarını demirəm. Peşiman olursan, yanlarından ötməyə, zəli olub, yapışırlar ətindən ki, pul ver. Pul verməsən, əl çəkən də deyillər.

Bunlardan savayı adi insanlar da çoxdu burada. Kimsə, kiminləsə söhbət edir, kimsə də mənim kimi kiminsə yolunu gözləyirdi.

Birdən kimsə: - Salam, Fərid, sizsiniz, - deyərək, onu səslədi. Sağ tərəfə çevrilib baxdıqda, 50 – 55 yaşalrında qısa – oğlansayağı, amma dağınıq saçlı, arıq, qarayanız, əyninə yaraşmasa belə mavi rəngli köhnə, dizindən xeyli aşağı olan ətək, qolları ipli köynək geyinən, xırda, bəbəkləri görünməyəcək qədər kiçik gözləri, lakin diqqətlə baxdıqda gözlərin dərinliyindən tənhalıq, səmimilik boylanan bir qadının ona gülümsədiyini gördü.

- Merva?..

- Bəli! Dedim, gəldim.

Bu o idi, bir aydı, üzünü görmədən dərdindən dəli – divanə olduğu, Mərva... Merva da onun əsil adı deyilmiş, facebookda təxəllüsüymiş. Onu təsəvvür etdiyindən, tamam fərqli gördü.

Düzdü, Fərid xarici görünüşə fikir verən biri deyildi. Amma Merva cavan bir qız yox, ondan xeyli böyük, yaşlı bir qadın idi. Bəs, bu yerdə o, nə edəcəkdi?!

23 Sentyabr 2010,
Bakı şəhəri.
XS
SM
MD
LG