Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:25

Mətanət Vahidova "Çərçivə" (Hekayə)


Pəncərə şüşələrini çox sevirəm mən, çünki yazığım gəlir onlara. Onlar da mənim kimi, bu mənasız həyata göz açandan çərçivəyə sığışdırılırlar.

Şüşədən baxıb gördüm cavan bir qız ətrafına, yan-yörəsinə baxmadan baş alıb gedir.

Maraq məni götürdü, tələsik kölgəmin dalınca düşüb onun getdiyi istiqamətə yönəldim.

Lap nağıllardakı kimi, az getdik, üz getdik, dərə-təpə keçmədən dümdüz getdik, onun bir qapı açıb girdiyini gördüm.

Gözlədim, gözlədim, məndə səbrə bax ki, bu minvalla düz on beş il gözlədim. Bir gün daha səbrim çatmadı gözləməyə, dedim baxım görək bu qız hara girdi ki, çıxmaq bilmir?

Maraqla ətrafa göz gəzdirdim; aman Allah, bura ada imiş ki.

Adanın giriş qapısına yanaşdım, qapını lap yavaşca döydüm, o ümidlə ki, bəlkə eşitməzlər, mən də qayıdıb gedərəm. Bəxtim gətirmədi, elə əlim toxunar-toxunmaz qapı açıldı.

Elə bil bu on beş ili qapının o tayındakı adam da oturub mənim gəlişimi gözləmişdi. Uzun illər yerindən tərpənməyən qapı elə bir cırıltı ilə açıldı ki, səsi hələ bir on beş il də qulağımdan getməz yəqin.

Qarşımda mən boyda, mən yaşda bir qız durmuşdu. Saçları mənimki kimi zilqara, gözləri də mənim gözlərim kimi qəhvəyi.

Burnu, dodaqları... bu nədir, İlahi, bu qız lap elə mənəm ki. Özümə, ətrafıma baxdım, o qız mənəmsə, bəs onda mən kiməm?

--Sən kimsən?—bunu yaman hirsli soruşdum. Axı kimin nə ixtiyarı vardı eynən mənə oxşamağa. Özümə heç vaxt bacı arzulamamışdım ki, birdən bacım da mənə oxşayar. Bənzərliyi heç sevmirəm. Amma o qız susurdu, yəqin eynən mənə bənzədiyindən xəcalət çəkməyə başlamışdı artıq. Mən onun susduğunu görüb daha da ürəkləndim,--adın nədir sənin?

-- Sən.

--Nəəə? Dünyada çox mənasız adlar eşitmişəm, amma daha beləsini yox. İndi mən sənə müraciət etməli olsam, “Sən” deməliyəm?

--Yoox, sən mənə “Mən” deməlisən.

Lənət şeytana, axı deyirlər mən yaman fəhmli qızam, bəs bu nədir, bu mənə oxşamış qızın dediklərindən bir şey anlamadım axı. O mənim çaşqınlığımı görüb izah etməyə başladı:

-- Başa düşürsən, mən sənəm, ona görə də adım Səndir. Amma sən məni çağırmaq istəsən, mənə Mən deyəcəksən. Başa düşdün?

Mən donub qalmışdım, bu nə deməkdir; belə çıxır ki, mən özümlə üzbəüz idim? Özümlə üzbəüz qala bilmək üçün düz on beş il gözləmişdim deməli?! Yox, bu lap axmaqlıqdır, elə qalxıb aynaya baxardım, olub-bitərdi. Qarşımdakı Mən sanki mənim fikrlərimi oxudu:

--Aynaya baxanda insan özünü görmür ki. Sadəcə əksini görür. Özünü görmək üçün on beş il nədir, lap yüz il gözləyənlər var.

Diqqətlə Mənin gözlərinə baxdım, ağıllı gözləri vardı, lap mənimki kimi. Gözlərində qeyri-adi parıltı gördüm, insan yalnız sevdiyi ilə qarşılaşanda gözləri belə alışıb-yana bilərdi.

O məni gördüyünə çox sevinmişdi. Bəs mən? Susdum. Uzun müddət susdum, axı mən çox danışmağı, çox sual verməyi sevmirəm. Gərək hər şeyi özüm fəhmlə öyrənib biləm. Amma birdən ona sarı dönüb həyəcanla soruşdum:

-- Bəs sən niyə burdasan? Mənim burda nə işim var? Bu nə adadır belə, hə?

O yenə gözlərindən gülümsündü:

-- Bura ada deyil, diqqətlə bax, ürəkdir.

--Ürək? Nə ürək? Sən deyəsən lap məni axmaq yerinə qoyursan.

Mən hirslənsəm də, o yenə bayaqkı kimi soyuqqanlılıqla cavab verirdi:

-- Bunu məndən niyə soruşursan? Düz on beş il öncə özün girdin bu ürəyin malikanəsinə, qapını da dalınca örtdün. Buranınsa girişi var, çıxışı yox.

Heç nə başa düşmürdüm. Ehtiyatla: --Kimin ürəyidir ki?—soruşdum.

--Sənin üçün çıxışı olmayan yalnız bircə ürək var; sənin ürəyin. Sən burda dustaqsan.

Dilim topuq çaldı: -- Ddustaaq? Kimin dustağı?

Mən gülümsündü: --Qəribə adamın,-- və üzünü çevirdi. Deyəsən nə isə başa düşürdüm:

-- Həə, o həm də yaxşı adamdır, --deyə fikirli-fikirli pıçıldadım. Daha qarşımdakını görmürdüm, öz-özümlə danışırdım:

-- O, mənim qəribə, yaxşı adamım idi. Daha mənim deyil, amma mən hələ də ondan başqasını sevə bilmirəm.

Qarşımdakına məhəl qoymadan uzun-uzadı öz fikirlərimlə baş-başa qaldım, olub-keçənləri yadıma saldım.

Düşündükcə bu çıxışı olmayan adada var-gəl elədim.

Ətrafa baxınınca dörd bir tərəfdən əhatələndiyimi gördüm; əzab, göz yaşı, qüssə və tənhalıq sarmışdı bu ürək adlı adanın hər yanını.

Ürəyim sıxıldı, gözlərim doldu, çevrilib bayaqdan bəri səbirlə mənə göz qoyan Mənə baxdım.

Bayaq diqqətlə baxmamışam, nədir; onun saçları zilqara deyil ki, saysız-hesabsız ağlar var—lap mənim saçım kimi. Baho, bu nədir, hanı onun xoşbəxtlikdən gülümsəyən gözləri?

Nə sevinc var, nə parıltı, lap mənim gözlərim kimi. Mən qarşımda məni görürdüm ilk dəfəydi. Aynalara inanmaram mən daha, onlar mənə özümü göstərə bilməmişdi.

Bəs mən nə edim, nə çarə qılım? Yaralı pələng kimi gen-geniş adada günlərlə var-gəl elədim, Mən sakitcə oturub baxırdı, nə səbirli imişəm mən?!

Bu adadan bir çıxış olmalıydı axı, yoxsa, mən bütün ömrüm boyu bu ucsuz-bucaqsız adada necə yaşayaram?

Günlər, aylar ötürdü, bəlkə də lap yüz il ötdü, bilmirəm, günün birində sadəcə öz-özümə “Əlvida, qəribə, yaxşı adam” deyib, öz əlimdən tutub “bəlkə qapını birtəhər aça bilərəm” ümidiylə çıxışa yollandım. Əlimlə astaca itələməyimlə qapı elə taybatay açıldı ki, lap diksindim.

İstədim bir dönüm baxım arxada qoyub getdiklərimə, amma baxmadım, qorxdum ki, baxsam, buradan heç zaman çıxa bilmərəm. Geriyə baxmadan, qaça-qaça kölgəmi önümə alıb irəlilədim...

Bilmirəm pəncərədən baxırdım, ya pəncərəyə baxırdım. Birdən dəli bir həvəs sardı ürəyimi.

Balaca kətili götürüb pəncərəyə çırpdım, şüşələri çilik-çilik olub yerə töküldü. Qoy sınsın, tökülsün, amma çərçivəyə dustaq olmasın.
XS
SM
MD
LG