Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:17

Namiq Rəssam "Ağbəniz" (Hekayə)


Yağış damlası tək gəlmişdi dünyaya.

Daha doğrusu, düşmüşdü. Azdı sonra. Azdı... qlobusun üstündə.və doqquz nöqtə.........

Deyəsən, Oktyabr idi. Hə, dəqiq Oktyabr idi. Qalınqaşlı, ağpaltarlı ayağından tutub işartılara doğru qaldıranda.

Oktyabr idi. 25-i. Qaranlıq yoldan başıaşağı çıxıb, adını belə dəqiq bilmədiyi xaricdən balaca göz qapaqlarına yansıyan naməlum qeyri-qaranlıq qızı qorxuya salmışdı.

Qız idi. Bapbalaca buğda dənəsini xatırladan bir qız. Üzündə peyğəmbər məsumluğu, günahsızlığı, sadəliyi.

Ruhla, biraz qorxuyla, qanla, ürəklə, biraz ağılla, sinirli , uzunsov borucuqlu, miskincəsinə, dişsiz , başında saçı yox , biraz tərəddüdlə qaranlıqdan qeyri - qaranlığa təşrif buyurmuşdu.

Gözlərini açmırdı, nədənsə. Aça bilmirdi. Bəlkə də, açmaq istəmirdi. Bilmirəm, daha nə... Lüt bədəninə ilk toxunan külək oldu.

Sonra qalınqaşlı, ağpaltarlının əli. Amma bu dəfə ağrıtdi . Dayan , dayan , insanlar buna şillə deyirlər, deyəsən.

Həyatın insan əli ilə ilk şilləsini yedi. Ağrını göz yaşı ilə həzm etmək gərəkdir.

Rəngsiz göz yaşları bir-birinə bərk-bərk pərçimlənmiş göz qapaqlarını araladı . İlk dəfə cüt mirvari kipriksiz gözlərində yoxdan yaranıb hələ tük bitməmiş qaş yerlərinə süzüldü.

Qorxu getmişdi. Qeyri-qaranlığın içində bir mələk gördü. Doğma , buruqsaçlı , qaragözlü , uzunkiprikli , qanadsız gur işığın altında uzanmış bir mələk.

Nədənsə, qızın ağlamağı, qara qışqırıq qoparmağı o mələyin xoşətirli, nəfis dodaqlarına gülüş doğurmuşdu.

İkinci bəyaz əl onu dikəltdi, ətir gələn tərəfə qonaq apardı. Mələyin ağuşuna. Xoşətirli , nəfis dodaqlar incə-mincə yanağından öpəndə əvvəl çaşıb qaldı.

Sonra özünə gəldi. Özünü tapdı, xoşətirli , nəfis mələk dodaqlarında. Ağlamağı buraxdı . Sakitləşdi. Sakit oldu. Əslində, qorxmalı idi.

Əslində , qorxunun bu qədər tez yoxa çıxması gözlənilməz idi. O qədər qorxulu şey var idi ki ətrafda. Pəncərədən gələn səs...

Divardakı qara çərçivənin taqqıltısı...

Sonra mələyin əlləri onu ağa bürüdü. " Qəribədi "- düşündü. Hər şey ağ... Qara rəngdən sonra öyrəndiyi ikinci rəng ağ oldu .

Acanda ilk yeməyi ağ... Ağ əllər, ağ adamlar, ağ parça... Yeni ağ mühit. Başdan ayağa ağartı... Günlər keçdi.

Mələk onu burdan uzaqlara apardı. Adına "ev" deyərdilər. Altı, üstü, sağı, solu, daş, qapısı dəmir, gün düşməyən ev.

Ev ilk məktəbi oldu. Mələk ilk müəllimi. Əvvəl "a"səsini öyrəndi. Sonra " n" səsini. Daha sonra öyrəndikləri heç saya-hesaba sığmadı ki... Ana, süd, pul,

Ağbəniz, paltar, qırmızı, oyuncaq, sarı, yaşıl, unitaz, vanna, dondurma, diş fırçası, əclaf, itil burdan, nifrət edirəm sənə, Atan yenə açarlarını itirib gəlir...

Saçları uzanmağa başladı. Atası ad gününə Ağbənizə qırmızı don aldı.

Dondan araq iyi gəlirdi. Üstünə araq dağılmışdı. Sonra anasının göz yaşları dağıldı. Anası atasında heç xoşlanmasa da , ona nifrət etsə də , Ağbəniz atasını çox sevərdi.

Hər gün şam etdikdən sonra qapının ağzında dikilib durardı . Stulu da yanında.

Qapı döyülən kimi totuq əllərilə qapını açıb, ayaq üstə güclə duran , sərxoş atasının qucağına tullanar , qollarını boğazına sarıyıb, üzündən, gözündən öpərdi.

Hətta bir dəfə Zaur əminin də qucağına tullanmışdı , səhvən. Bir gün...bir gün atası gəlmədi.

Ağbəniz gecə yarısınadək qapıdan ayrılmamışdı. Gözəlri elə hey qapının dəstəyinə dikili qaldı. Stulu da yanında. O gözlədi .

Nənəsi telefonda , "atan bizdədi " deyib başını aldadana qədər , anası onu zorla köhnə çarpayısına uzadana qədər.

Uzandı. Gözlərini yumdu. Fəqət yatmadı. Yata bilmədi. Qulaqları qapıdaydı. Azacıq zamandan sonra qəfil qapı döyüldü. Abəniz güllü yorğanını üstündən atıb, cəld ayağa qalxaraq qapıya tərəf yüyürdü.

Anası artıq qapını açmışdı. Gələn atası deyildi. Zaur əmi idi. Anası gülürdü . həmin gecə anası Ağbənizə layla oxumadı.

Nə də o biri gecə..Nə də , ondan sonrakı...O gecədən etibarən laylanı özü oxuyurdu, zərif səsiylə
:

laylay dedim yatasan...

Qızılgülə batasan...

Qızılgülün içində

şirin yuxu tapasan...

... Deyirlər , bir zamanlar İblis də Tanrının mələklərindən olmuş. Sonradan Şeytana dönüşmüşdür.

Necə ki , əzik - üzük korlanmış dodaqlara dönüşür xoşətirli , nəfis dodaqlar...

O gecədən sonra koridorda böyüdü.dizlərini qucaqlamış, gözüyaşlı, koridorun bir küncündə...

Atasının qapını döyəcəyi gözləntisilə...Qapını ağzında dizlərini qucaqlamış , gözüyaşlı..

Bir də yataq otağından gələn anasının çığırtı səsləri ilə...

Məktəbə gec getdi. Atasının aldığı artıq əyninə dar gələn qırmızı donu geyib məktəbə getdi.

Üstündən hələ də araq iyi gəlirdi. Bir də mələyin rəngsiz ,şəffaf göz yaşlarının ətri. Üç il keçmiş, evlərinə gələn əmilərdən biri Ağbənizi məktəbdən çıxardı.

Daha məktəbə getmədi. Koridorda dizlərini qucaqlayıb , sakitcə böyüməyə başladı.

Zatən , özü də məktəbə getmək istəmirdi. Uşaqların , müəllimlərin həqarətlərinə görə . "Sənin ana fahişədi" , " Bizimlə oynama , anamız istəmir sən bizimlə oynayasan " , "Sən sus ! fahişə qızı !"...Ətrafa sakitlik çökəndə , Bakı binalarının işıqları sönəndə , anası növbəti əmiylə yataq otağına keçəndən sonra Ağbəniz alaqaranlıq koridorda ağlayardı.

Səssiz- səmirsiz. Sanki , göz yaşları yanaqlarına deyil, içinə , ürəyinə süzülürdü. Hələ də nəzərləri qapıda idi. Qızcığaz hələ də , sərxoş atasının gəlişini gözləyirdi.

Ona elə gəlirdi ki , atası indicə qapının astanasına çatıb, fəqət qapını döyməyə macal tapmayıb ,yıxılıb kandarda.

Bəlkə də , ona görə idi ki , anası hər dəfə növbəti əmini yola salanda boylanıb qapının kandarına baxardı. Hər səfərində də , atasını görməyib , ağlamaq istərdi.

Ağlamazdı , fəqət. Göz yaşlarını anasına qətiyyən göstərməzdi. Artıq anasını tanıya bilmirdi.

Bu üzü qırışmış , beli bükülmüş qarı onun gülüzlü mələyinə heç bənzəmirdi , heç..

Yəni doğrudanmı , saçlarını oxşaya-oxşaya darayan .hər gecə Ağbənizi öpüb, ona nağıl danışan mələkdən heç nə qalmayıb?

Yəni həqiqətənmi , hər şey bu qədər qəribə , qorxulu , kədərli , eyni zamanda sadə idi..

Sanki , ulu Tanrı Ağbənizin ömür payını səfil bir Paris rəssamı kimi çəkmişdi...

Qəribə , qorxulu , kədərli, eyni zamanda sadə... Özü -özünə nağıl deməyə alışdı Ağbəniz.

Həmin gecə bildiyi bütün nağılları artıq danışmışdı. Təkcə birindən başqa ...

Ağbənizin nağılı...hər gecə Ağbənizin nağılını danışmalıydı... Fəqət , kədərli sonluqsuz.

Əzazil kraliçadan qaçıb cırtdanlara pənah aparan Ağbəniz.Görəsən , bunu bacara bilərdimi?

Damarlarını kədərlə qidalandırmaqdan daha bezmişdi. Hər şey Ağbənizin tamamən özündən asılı idi. Həmin gecə evlərinə daha bir bığıburma əmi gəldi.Anası qapını açıb, qiymətini dedi.

Bığıburma əmi içəri keçdi. Anası qapını örtdü. Fəqət , qapı tam örtülmədi. Biraz aralı qaldı. Anası bığıburma əmiylə mazaxlaşa-mazaxlaşa yataq otağına keçdi.

Yəqin ki , artıq bu çığırtıları Ağbəniz eşitmirdi , uzaqlarda idi. Razü-niyazdan sonra anasının bığıburma əmiylə pul məsələsində razılaşmaması mübahisəyə səbəb oldu.

Cibində beş quruşu olmayan bığıburma əmi balaca bıçağını işə salıb, iblisə dönmüş mələyin qarnına yeritdi.

Sonra da dönüb qaçdı. İblisə dönmüş mələk əlini qarnına toxundurdu. Əli isti qanına bulaşdı.

Ölümün pəncəsində, cəhənnəmin astanasında olduğunun fərqindəydi.

Birtəhər özünü çarpayıdan yerə atıb, sürünməyə başladı. Yataq otağının qapısı açıq idi.

"Ağbəniiz !" deyə səsləndi. Amma faydası yox. Ağbəniz yox idi.

Çoxdan evi tərk etmişdi. Bəlkə də cırtdanlar ölkəsinə getmişdi , bəlkə də sərxoş atasının dalınca...
XS
SM
MD
LG