Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 03:14

NATİQ "Beş atanın ögey oğlu" HEKAYƏ


Vədə tamam olmuşdu, beş ata bunca illərdən sonra oğullarını geri almaq üçün Çaykənarı qəbiləsinə yollandılar.

Hardasa dörd gün yarım yol gedəcək,

Quruçayın kənarında gecəyarısına kimi mərasim qurub şənlənəcək və ağsaqqallardan xeyir-dua alıb oğullarını evlərinə gətirəcəkdilər. Bu, babalardan qalma ən qədim adət hesab olunurdu, Şərqli qəbiləsində oğlan uşaqları dünyaya göz açan kimi onlar tərbiyə alıb, sənətə yiyələnmək üçün Çaykənarı qəbiləsinə göndərilir, aradan on il keçəndən sonra isə öz evlərinə qaytarılırdılar.

Bu zaman atalar oğullarını yalnız öyrəndikləri peşəyə görə fərqləndirib tanıyardılar: dulusçu yaxşı gil qab düzəldəni, döyüşçü yaxşı qılınc oynadanı, mehtər atların dilin biləni, nəqqaş qayalar üzərində gözəl rəsmlər çəkəni, ovçu isə yaxşı ov ovlayan uşağı doğma balası kimi qəbul edib evə gətirərdi.

Uşağın kiməsə oxşayıb-oxşamaması, suyunun şirin gəlib-gəlməməsi, boyu-buxunu, dərrakəsi heç kimi maraqlandırmazdı.

Şərqli qəbiləsi əsrlərdi belə yaşayırdı, əcdadlardan qalma adətdən sapınmağın böyük günah kimi cəzası ağır olduğundan qaydaları pozmaq ağıllarından belə keçməzdi. Elə buna görə idi ki, Şərqli qəbiləsində kiminsə günaha batdığını eşidən olmamışdı.

Atalar Çaykənarına çatanda gün əyilmişdi, bir dəstə oğlan uşağı dərədən üzüaşağı yüyürüb onlara tərəf qaçdılar.

Artıq on yaşlarını tamamlamış uşaqlar bilirdilər ki, indi öyrəndikləri sənəti nümayiş etdirib, evlərinə yollanmağın vaxtıdır.

Atalar nə qədər həyəcanlı olsalar da onlara tərəf baxmadılar, ağsaqqalların xeyir-duası olmadan uşaqlarla kəlmə kəsmək, hansı sənətə yiyələndiklərini soruşmaq ayıb iş sayılırdı.

Bu onların yox, Çaykənarı qəbiləsinin adəti idi, atalar özləri də bir vaxtlar burada böyüyüb tərbiyə aldıqlarından, bunu yaxşı bilirdilər. Ona görə də özlərini sanki görməməzliyə vurub, onları qarşılayacaq ağsaqqalların gəlişini gözləməyə başladılar.

Onlara gözləməyi balacalıqdan öyrətmişdilər və dönə-dönə tapşırmışdılar ki, Şərqli qəbiləsində kişi kimi yaşamağın sirri gözləməyə vərdiş etməkdən keçir. Bəzən bu vərdişə yiyələnmək hansısa sənət öyrənməkdən qat-qat çətin olsa da, bu ataların ovqatını korlaya bilməzdi.

Çünki, onlar çoxdan Şərqli qəbiləsində kişi olmuşdular, deməli ağsaqqalların yolunu hətta günlərlə gözləyə bilərdilər.

Nəhayət hava qaralana yaxın yaşıl təpənin arxasında beli bükülmüş iki qoca kişi göründü.

Atalar onları qarşılamağa gələn qocalara ədəb-ərkanla təzim edərək, heybələrində gətirdikləri hədiyyələri çıxarmağa başladılar. Bu da Çaykənarı qəbiləsində uşaqlıqdan öyrədilən adətlərdən biri idi, ağsaqqala yalnız təzim eləməklə yox, həm də nəsə özünəməxsus bir şey hədiyyə verməklə hörmətini bildirməlisən.

Yox, əgər hörmət eləməsən, onda eşidəcəyin xeyir-duanın təsiri gözlədiyindən az ola bilər ki, bu da Şərqli qəbiləsində kişi olmuş adam üçün qəbuledilməz idi.

Dulusçu yenicə düzəltdiyi boyalı qabı, döyüşçü təzəcə itilətdiyi qılıncı, mehtər üzərində əl işləmələri olan yəhəri, nəqqaş incə zövqlə bəzədiyi kəlağayını, ovçu isə yaxşıca aşıladığı pələng dərisini yerə qoydu. Hədiyyələrin ağsaqqalların ürəyincə olduğu simalarındakı təbəssümə oxşar ifadədən sezilirdi.

Oğulların atalara verilməsi on ildən bir qeyd olunan təntənəli mərasim sayılsa da, qəbilə camaatı ona xüsusi hazırlaşmağa maraq göstərmirdi, sadəcə Quruçayın kənarında elə həmişəki yerində iri tonqal qalayır, müdrik ağsaqqalların gəlişindən sonra dövrə qurub hərə bir tərəfdə əyləşirdi.

Qəbilənin ən müdrik ağsaqqalı hər bir uşağın məziyyətindən uzun-uzadı danışır, yiyələndikləri sənəti tam xırdalığına qədər bildiklərinə ataları əmin edirdi. Çaykənarı qəbiləsinin müdriklərinin sözü Şərqli kişiləri üçün o qədər müqəddəs hesab olunurdu ki, heç uşaqların bu on ildə yiyələndikləri sənəti nümayiş etdirmələrinə də ehtiyac qalmırdı.

Bəzən elə olurdu ki, qəbiləsinə qayıdan mehtər oğlu heç atlara yaxın dura bilmirdi, ya da dulusçunun bəxtinə düşən uşaq gilnən torpağı səhv salır düzəltdikləri şeylər isə ovulub tökülürdü. Belə olanda atalara elə gəlirdi ki, yəqin uşaqlar öyrəndiklərini yolda gələndə yaddan çıxarıblar, geriyə qayıdıb ağsaqqaldan hesab sormaq kimsənin ağlından belə keçməzdi.

Qəbilənin ən müdriki köhnə qayda ilə uşaqları bir-bir təqdim etdi. Yalnız bundan sonra atalar başlarını qaldırıb sənətlərinə yiyələnmiş uşaqlara baxa, yanlarına çağırıb başlarını tumarlaya bilərdilər.

Bu, onların göstərdikləri ilk nəvaziş idi, əslində Şərqli qəbiləsində uşaqları hamıdan çox sevir, hamıdan çox nəvaziş göstərirdilər. Amma indi müdriklərin qarşısında atalar özlərini bacardıqları qədər ağır aparmalıydılar, onsuzda sabah gün günorta olmamış evlərinə qayıdacaqdılar.

Hərə dinməz-söyləməz öz övladına sahib çıxandan sonra ağsaqqalların ən müdriki qaşlarını çatıb dilləndi:

-Hələ bu hamısı deyil, on il əvvəl sizin qəbilədən bir uşaq da gəlib, amma onun sənətini müəyyənləşdirə bilmədiyimizə görə, hansınızın oğlu olduğunu deməyə tərəddüd edirik.

Şərqli kişiləri ilk dəfə idi ki, «tərəddüd» sözünü eşidirdilər. İstəsələr bu sözün mənasını soruşa bilərdilər, amma deyəsən heç kim sual vermək həvəsində deyildi.

-Bu qəribə uşaqdı, sizin qəbilənin neçə-neçə nəslinə tərbiyə vermişik, amma beləsini birinci dəfədi görürük -, müdrik kişi saqqalına sığal çəkib əli ilə başını tutdu.

Şərqli qəbiləsinin kişilərindən səs çıxmadı.

-İş orasındadır ki, bu uşaq bizim öyrətdiyimiz bütün sənətlərə yiyələnib, özü də hamısını bizdən yaxşı bilir.

O, həm yaxşı dulusçudu adi gildən möcüzlər yaradır, həm yaxşı mehtərdi ən dəlisov atları əhliləşdirə bilir, həm yaxşı nəqqaşdı qayalarımızı rəsmləriylə bəzəyib, həm yaxşı döyüşçüdü qılıncının zərbəsi ilə daşı iki bölür, həm də yaxşı ovçudu uçan quşu gözündən vurur.

O, sizin qəbilənin uşağıdı və indən sonra burda qala bilməz. Siz ona sahib çıxmaq istəyirsinizmi?

Atalar yenə susurdu...

«Fikirləşib bir qərara gəlmək lazımdır»-, ağsaqqalların ən müdrikinin son sözü bu oldu.

Amma Şərqli qəbiləsinin kişiləri necə fikirləşmək lazım gəldiyini bacarmırdılar. Onlara uşaqlıqdan Çaykənarında yalnız bir sənət öyrətmişdilər və dönə-dönə tapşırmışdılar ki, fikirdən uzaq durun, başınızı aşağı salıb sənətinizlə məşğul olun.

Dərindən yox, lap az-maz fikirləşsəniz belə onda ataların yolundan yayına bilərsiniz, bu isə Şərqli qəbiləsindən olan kişi üçün ən böyük qəbahət sayılırdı. Fikirdən azad olan sözəbaxan qəbilə uşaqları onlara verilən tapşırığa can-başla əməl edirdilər, başlarını aşağı salıb ölənə kimi sənətləri ilə məşğul olurdular. İndi isə müdrik qoca fikirləşməyi məsləhət görürdü və bunu necə etməyi onların öz öhdələrinə buraxmışdı.

-Necə ola bilər ki, bizim qəbilədən belə uşaq çıxıb?-, sükutu birinci dulusçu pozdu- lap ağlasığmazdı. Kimə gərəkdi bu qədər sənəti kamil bilən uşaq? Bəlkə də o, göylərin, ya da meşələrin bizə göndərdiyi cəzadır... Onun gələcəyi məni qorxudur.

-Amma biz niyə cəzalanaq ki?-, döyüşçü sözə qarışdı - nə vaxt uca göylərin, dərin meşələrin üzünə ağ olmuşuq.

Biz ancaq babalarımızın bizə öyrətdiyi yolla getmişik, ona görə də bu vaxta kimi Şərqli qəbiləsindən kimsə günaha batmayıb. Mənim ürəyim narahat edən odur ki, axı bir nəfər bizim bacardığımız sənətlərin hamısını necə mənimsəyə bilib? Məni qınamayın bu, insan əməlinə oxşamır...

-Axı o, hamımızın eyni vaxta oğlu ola bilməz? Bizim oğullar ancaq öz atalarının sənətlərini davam etdirməlidirlər, necə ola bilər ki, başqasının oğlu özgə ataların sənətlərini də öyrənib?-, mehtər əlindəki qamçını havada yellədə-yellədə- Bircə onu bilirəm ki, bablarımızın yolundan çıxsaq rüsvay olarıq.

Bu uşaq Şərqli qəbiləsinin ruhunu narahat edəcək, məni onun ağlı qorxudur.

Nəqqaş ocağın kənarında yumşaq torpağın üstündə nəysə cızırdı:
-Belə bir iş babalarımızın başına gəlməyib, bu bəla bizim qismətimizə düşüb. Ona görə də qərar verməyimiz çətin olacaq...

Onu apara bilmərik, Çaykənarında da qala bilməz, bəlkə aparıb dağlarda azdıraq.

-Dağlarda niyə? Yaxşı olar ki, meşədə azdıraq, bəlkə aslanlara yem olar, meşənin də xoşuna gələr, biz də qurtularıq-, ovçu çiyinlərindən dağdan ağır yükü atmış adam kimi ataların onun təklifini bəyənəcəklərini zənn etdi.

Nəhayət qərar vermək anı gəldi. Atalar gecədən xeyli keçənə qədər mübahisə etdilər, heç biri uşağın geri qaytarılmasına razı deyildi, hamısı ondan qurtulmaq istəyirdi.

Amma necə? Ovçu onun meşədə, nəqqaş isə dağlarda azdırılmasına israr edirdi, mehtər uşağın araba təkərinə bağlayıb dərədən aşağı diyirlətməyə, dulusçu iri gil qaba qoyub diri-diri torpaqda basdırmağa, döyüşçü isə bir göz qırpımında qılıncla doğramağa üstünlük verirdi.

Şərqli qəbiləsinin kişilərinə qərar verməyin üsullarını da öyrətməmişdilər, sadəcə bir kərə demişdilər ki, dara düşəndə atalarınızı yada salın, onlar necə edərdilərsə siz də elə edin. Vəssalam. Şərqli qəbiləsində belə mübahisələr hətta günlərlə davam edə bilərdi, ona görə də Çaykənarı ağsaqqallarının ən müdriki məsələyə müdaxilə etmək qərarına gəldi:

-Oğullarım-, ən müdrik ağsaqqal dilləndi-, siz axı bir uşağı beş dəfə öldürə bilməzsiniz, madam ki, onu geri aparmaq istəmirsiniz, heç olmasa bir dəfə öldürün. Ancaq onu da bilin ki, o, bütün sənətlərin mahir bilicisi olduğu kimi həm də fikirləşib qərar verməyi də bacarır.

Belədirsə, qoy nə etmək lazım olduğunu uşağın öz öhdəsinə buraxaq, sübh açılana kimi qərarını özü versin.

Ən müdrik ağsaqqalın məsləhəti hamının ürəyindən xəbər verdi, danışmaqdan yorulmuş ataların eyni açıldı, hamısı bir ağızdan nurani qocaya minnətdarlıq edib yatmağa yollandılar.

Yatmaq onlara öyrədilən sənətdən sonra bacardıqları və ürəkdən sevdikləri ən yaxşı məşğuliyyət idi, bunu onlara öyrətməmişdilər, bu anadangəlmə bir vərdişi idi.

Çaykənarının müdrikləri uşaqlıqdan bütün pis vərdişləri onlara tərgitdirsələr də, nədənsə buna səy göstərmirdilər, Şərqli balalarını doyunca yatızdırır, yalnız gün günorta olanda yuxudan ayıldırdılar.

Yaşıl təpənin arxasından yavaş-yavaş boylanan günəşin qırmızımtıl şəfəqləri otların, daşların üstünə düşərək insan gözünün oxşayan, ruhunu ovunduran bir mənzərə yaradırdı. Sübh yerinin sərin mehi isə ağacların yarpaqlarına toxunaraq xəfif bir xışıltı ilə yeni günün başladığını pıçıldayırdı.

Bu pıçıltıdan bütün canlılardan tez xəbər tutan quşların səsi təpənin yoxuşundan heyrətamiz sürətlə axan Quruçayın gurultusuna qarışaraq insan övladının eşitdikcə yalnız zövq ala biləcəyi nəğməyə çevrilirdi. Çaykənarında dan yeri sökülürdü, yeni gün, yeni həyat başlayırdı. Bu mənzərəni hamı seyr edə bilərdi, amma ondan ilham almağı, təbiətin təzə-tər nəfəsini duymağı yalnız bu torpaqda yaşayan adamlar bacarırdı.

Bəlkə də, Çaykənarı qəbiləsinin insanlarını başqalarından fərqləndirən ən mühüm cəhət elə təbiətin dilini bilmələri, onu duyub zövq almağı bacarmaları idi. Qəbilə adamları bilirdilər ki, Çaykənarında yaşayanlar onlardan ağıllı və uzunömürlüdürlər, ona görə də atalar oğullarının bu əsrarəngiz təbiətin qoyununda özünə yer eləmiş müdrik adamların əhatəsində tərbiyə almalarına razı olurdular.

Amma bu torpaqların müdrikləri bildiklərinin hamısını öyrətməyə xəsislik edirlər, uşaqları yalnız on yaşına kimi saxlayır və cəmisi bir sənət öyrədib yola verirdilər. Şərqli qəbiləsinin kişiləri isə uşaqlarının tərbiyəsi ilə yanaşı onların əvəzinə fikirləşmək vəzifəsini də Çaykənarı müdriklərinin ixtiyarına buraxmışdılar.

Bu əsrlərlə belə idi, onların babaları da belə etmiş, onlar da belə edirdilər və hələ ki, narazı olan, bu yazılmamış qaydanı pozmağa cəhd göstərən yox idi, belə getsə heç olmayacaqdı da...

-O, gedib-, ən müdrik ağsaqqalın nəhayət ki, yuxudan ayılan Şərqli qəbiləsinin kişilərinə dediyi ilk söz bu oldu.

-Gedib!-, atalar heyrətdən bərəlmiş gözlərini ovuşdura-ovuşdura bir-birlərinə baxdılar. Onlar ilk dəfə idi ki, atadan xəbərsiz oğulun getdiyini eşidirlər, bu, babalardan qalma adətin pozulması demək idi. Bu, Şərqli kişisi üçün biabırçılıq idi, özü də elə-belə yox, ölümə bərabər biabırçılıq.

-Gedibsə, deməli bəladan qurtulduq- atalar sevindilər.

-Bəs soruşmadınız, hara gedib?- ən müdrik ağsaqqal hamının sezə bilməyəcəyi şəkildə qımışdı. Əslində o, yaxşı bilirdi ki, Şərqli kişisi heç vaxt sual verməz, bütün ömrünü onların tərbiyəsinə həsr etmiş ağsaqqal anlayırdı ki, əllərindən yalnız bir sənət gələn Şərqli balalarına o, yalnız qulaq asmağı, itaətkar olmağı öyrədib.

Elə ona görə də, həmişə başqalarının əvəzindən fikirləşməyə adət eləmiş qoca cavabı da özü verdi - Onun ayaq izlərinə baxdım, bu izlər indiyə kimi bizim heç birimizin getmədiyi səmtə aparır, o, Qərbə gedib.

-Bəladan qurtulduq- atalar yenə sevincək eyni sözləri təkrar etdilər. Hərə öz uşağını yanına salıb qəbilələrinə tərəf dörd gün yarım davam edəcək yola çıxdılar.

Ən müdrik ağsaqqal yaşıl təpəni burulub gözdən itinə kimi onların arxasınca baxdı və qayğılı-qayğılı başını bulladı.

O, ən vacib həqiqəti atalardan gizlətdiyi üçün peşmançılıq keçirirdi, amma onu da yaxşı bilirdi ki, əsil həqiqət Şərqli kişisini çaşdıra, inamını sarsıda bilər.

Belə olanda isə Şərqli kişisi mütləq fikirləşməyə cəhd göstərəcək, Çaykənarı qəbiləsi üçün bundan böyük sarsıntı ola bilməzdi. Ağsaqqal onu qorxudan, daxilini əzib-doğrayan əsil həqiqəti bir insan övladına söyləməyə ürək eləmədi və hamıdan xəlvət Quruçaya pıçıldadı: «O, Qərbdə yenidən doğulacaq, hər şeyi anlayıb başa düşəndən sonra öz evinə, ruhunun beşiyi olan bu torpaqlara qayıdacaq.

Mütləq qayıdacaq. Amma Şərqli qəbiləsi bunu bilməsə yaxşıdı...»
XS
SM
MD
LG